İnqilanbi yenilik: Vətəndaşın sənəd dalınca qaçma dövrü başa çatır
Azərbaycanda sosial təminat sisteminin rəqəmsallaşdırılması istiqamətində növbəti mühüm addım atılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tətbiq etdiyi yeni texnoloji həll sayəsində, ailə başçısını itirməyə görə sosial ödəniş alan gənclərin hər il təhsil müəssisəsindən arayış gətirmək məcburiyyəti aradan qaldırılıb. Bu yenilik həm bürokratik maneələri azaldır, həm də vətəndaş məmnuniyyətini birbaşa hədəfləyir.
Mövzu barədə Crossmedia.az-a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, son illərdə qanunvericilikdə çox əhəmiyyətli dəyişikliklər baş verir. Onun sözlərinə görə, bu dəyişikliklərin əsas mahiyyəti dövlət orqanlarının vətəndaşdan artıq mövcud olan məlumatları tələb etməməsi prinsipinə əsaslanır.
Ə.Nuriyev deyib: “Hər hansı bir məlumat dövlət orqanlarının resurslarında varsa, onun vətəndaşdan tələb edilməsinə ehtiyac yoxdur. Yəni, dövlət orqanı özü həmin sənədlərə baxaraq məsələyə münasibət bildirməlidir. Bu qərar ilk baxışda kağız üzərində xırda texniki dəyişiklik kimi görünə bilər, amma əslində illərlə yığılıb qalan bir problemi aradan qaldırır. İndiyə qədər ailə başçısını itirmiş və təhsil alan gənc hər dəfə oxuduğunu sübut etməli idi. Dövlətin əlində bu məlumat olsa da, vətəndaş yenə də arayış alıb təqdim etməli idi. Bu, həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olurdu. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə bu, ümumiyyətlə, arxaik bir yanaşma idi. Qanuna edilən yeni dəyişikliyin məqsədi çox sadədir: vətəndaş sənəd daşıyan yox, xidmət alan tərəfə çevrilir. Vətəndaş oradan-buradan sənəd toplamamalıdır".

Onun sözlərinə görə, bu dəyişiklik bir neçə problemi hədəfləyir: "Birincisi, bürokratiyanın qarşısını alır. Universitetlərdə arayış üçün növbələr, gecikmələr və digər formal yanaşmalar var idi. İnsan sosial ödəniş alır, amma bunun üçün əlavə vaxt və əsəb sərf edirdi. İkincisi, ödənişlərin dayanma riskini aradan qaldırır. Çünki arayış vaxtında verilməyəndə ödənişlər dayanırdı və ən həssas qrup olan valideynini itirmiş gənclər bu səbəbdən əlavə çətinliklər yaşayırdılar. Üçüncüsü, sistemin səmərəsizliyini həll edir. Dövlət bir tərəfdən məlumatı öz bazasında saxlayır, digər tərəfdən vətəndaşdan eyni məlumatı kağız üzərində tələb edirdi. İndi isə sistemlər inteqrasiya olunduğu üçün dövlət qurumları məlumatı bir-birindən alacaq və vətəndaşı bu prosesə cəlb etməyəcəkdir. Bu, həm şəffaflığı artıracaq, həm də sui-istifadə imkanlarını xeyli dərəcədə azaldacaqdır. Fikrimcə, bu qərarın ən önəmli tərəfi sosial siyasətdə münasibətin dəyişməsidir. Yeni davranış modellərinin yaranması və vətəndaş məmnuniyyətinin təmin edilməsi çox vacib məsələdir. Artıq dövlətimiz funksional dövlətdən xidmət edən dövlətə keçid prosesinə başlayır. . Dövlət artıq vətəndaşa "gətir, sübut et" demir; "mən özüm yoxlayıram, var və ya yoxdur" deyir. Bu isə etimad yaradacaq. Əgər bu yanaşma davamlı olsa — inanıram ki, olacaq — çox yaxın vaxtlarda oxşar dəyişiklikləri digər sosial işlərdə də görəcəyik. Bu, zəncirvari bir reaksiyadır və dövlətin əsas məqsədi də budur. Prezidentin dövlət orqanları qarşısında qoyduğu vəzifələr və qanunvericilik dəyişikliklərinin fəlsəfəsi buna xidmət edir. Bu mənada vətəndaşın işi azalacaq, sistemin işi isə daha da çoxalacaq. Bütün dövlətlərdə vətəndaşlara keyfiyyətli, məsuliyyətli və yüksək mədəniyyətlə xidmət göstərilməli, onların məmnunluğu təmin edilməlidir. Məhz bu dəyişikliklərlə dövlət orqanlarının davranışında yeni bir mərhələ başlayır”.
Ə.Nuriyev sonda qeyd edib ki, bu yanaşmanın davamlı olması yaxın gələcəkdə digər sosial sahələrdə də oxşar yeniliklərin tətbiqinə gətirib çıxaracaq və nəticədə həm vətəndaşların işi asanlaşacaq, həm də dövlət xidmətlərinin keyfiyyəti daha da yüksələcək.
Mehriban Yariyeva
18:19 21.04.2026
Oxunuş sayı: 71