Trampın açıqlamaları - populizm, reallıq, yoxsa psixoloji təzyiq?
ABŞ prezidenti Donald Trampın son dövrlərdə səsləndirdiyi açıqlamalar beynəlxalq siyasətdə yenidən müzakirə mövzusuna çevrilib.
Populist ritorika və ziddiyyətli bəyanatlarla yadda qalan siyasi xəttin qlobal proseslərə təsiri, xüsusilə ABŞ-nin beynəlxalq nüfuzu və diplomatik davranışları fonunda ciddi suallar doğurur.
Ekspertlər hesab edir ki, bu cür çıxışlar təkcə siyasi mövqe ifadəsi deyil, həm də qlobal məkanda psixoloji təsir və təzyiq vasitəsi kimi qiymətləndirilə bilər.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:

"Donald Tramp ümumiyyətlə, kifayət qədər qeyri-adi və populist çıxışları ilə seçilən dövlət başçılarından biridir. ABŞ prezidentləri arasında populizmə daha çox meylli olan və şəxsi PR fəaliyyətini ön planda saxlamağa xüsusi diqqət yetirən siyasi fiqur kimi xarakterizə olunur. Məhz bu səbəbdən onun açıqlamalarının əksəriyyəti bir-biri ilə kəskin ziddiyyət təşkil edir.
Ümumilikdə, Donald Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-nin beynəlxalq nüfuzu müəyyən dərəcədə zəifləməyə başlayıb.
Paralel olaraq, ölkənin qlobal miqyasda təsir imkanlarının da əvvəlki səviyyəsini itirməkdə olduğu müşahidə edilir. Bu mənada, Trampın siyasi kursu ABŞ üçün ciddi problemlər yaradan amillərdən biri kimi qiymətləndirilir.
Yaxın Şərqdə baş verən münaqişələr də müəyyən mənada Tramp administrasiyasının səhvləri kontekstində dəyərləndirilir.
Ümumiyyətlə, müharibənin başlanması özü böyük bir səhv hesab olunur və bu proses davam etdiyi müddətdə ABŞ-nin siyasi və hərbi rəhbərliyi tərəfindən bir sıra ciddi yanlış addımların atıldığı qeyd edilir. Artıq ABŞ-nin siyasi dairələrində belə bu səhvlərin etiraf edildiyi müşahidə olunur".
Politoloq əlavə edib ki, bütün bunları nəzərə alaraq demək olar ki, Donald Trampın bəyanatları çox vaxt reallıqdan müəyyən qədər uzaq olur.
Məsələn, əvvəllər atəşkəs məsələləri müzakirə olunarkən İranın razılaşmaması halında “bir sivilizasiyanın məhv ediləcəyi” kimi fikirlər səsləndirilmişdi. Bu isə olduqca mübahisəli və reallıqdan uzaq yanaşma kimi qiymətləndirilir.
Hətta belə fikirlər də səsləndirilir ki, Donald Tramp bəzən “sivilizasiya” anlayışının mahiyyətini belə yetərincə dərindən anlamır və bu mövzuda məhdud təsəvvürə malikdir.
Bu gün isə hər hansı bir dövlətin məhv edilməsindən danışmaq ümumiyyətlə absurddur. Əlbəttə, ABŞ kimi böyük gücün müxtəlif potensial imkanlara malik olduğu danılmazdır. Lakin bir dövlətin və ya xalqın tamamilə məhv edilməsini hədəf kimi irəli sürmək müasir beynəlxalq münasibətlər sistemində qəbuledilməz yanaşmadır.
Dünya siyasətində diplomatiya əsas alətlərdən biridir və əgər razılaşma əldə etmək mümkündürsə, sonadək diplomatik yollar sınanmalıdır.
Hər hansı bir xalqın və ya dövlətin yox edilməsini nəzərdə tutan yanaşmalar beynəlxalq hüquq və humanitar prinsiplərlə ziddiyyət təşkil edir və bu, qətiyyən yol verilə bilməz. Bu baxımdan, Donald Trampın bu tip açıqlamaları bəzən qlobal miqyasda qorxu və gərginlik yaratmaq məqsədi daşıya bilər".
Politoloq qeyd edib ki, Tramp administrasiyası müxtəlif istiqamətlər üzrə fərqli dövlətlərə qarşı siyasi, diplomatik, hərbi və psixoloji təzyiq siyasətini davam etdirir:
"Bu kontekstdə onun populist və bəzən qeyri-ciddi görünən açıqlamaları həm də beynəlxalq arenada təsir və təzyiq aləti kimi istifadə oluna bilər".
Ayhan
10:30 22.04.2026
Oxunuş sayı: 771