Qazaxıstanda sahəvi jurnalistikanın yeni mərhələsi: “Qazaq Green” layihəsi
Son illərdə Qazaxıstanın media məkanında mühüm bir tendensiya müşahidə olunur - ixtisaslaşmış, sahəvi jurnalistikanın inkişafı. Xüsusilə “yaşıl” iqtisadiyyat, enerji keçidi və dayanıqlı inkişaf kimi strateji istiqamətlərdə keyfiyyətli informasiyaya artan tələbat yeni media platformalarının yaranmasını şərtləndirib.
Bu kontekstdə ilk dəfə 2019-cu ildə nəşr olunan “Qazaq Green” jurnalı və onun əsasında 2022-ci ildə yaradılmış informasiya portalı mühüm layihələrdən biri kimi çıxış edir.
Layihə rəhbəri Nadejda Şayaxmetova Crossmedia.az-a müsahibəsində qeyd edib ki, “Qazaq Green” jurnalı qısa müddət ərzində bərpa olunan enerji mənbələri sahəsində fəaliyyət göstərən ekspertlər, investorlar və dövlət qurumları üçün etibarlı informasiya platformasına çevrilib. Onun sözlərinə görə, jurnal yalnız xəbər mənbəyi kimi deyil, daha çox analitik materialların təqdim edildiyi və peşəkar bilik mübadiləsinin aparıldığı bir platforma kimi özünü təsdiqləyib. Jurnalda dərc olunan materialların müəllifləri əsasən jurnalistlər deyil, məhz sahə üzrə ekspertlər – bərpa olunan enerji sektorunda çalışan mütəxəssislər, şirkət rəhbərləri, dövlət və təhsil sahəsinin nümayəndələridir.

Şayaxmetova vurğulayıb ki, bu uğurun məntiqi davamı olaraq Qazaxıstanın Bərpa Olunan Enerji Mənbələri Assosiasiyası tərəfindən “Qazaq Green” informasiya internet-portalının yaradılması təşəbbüsü irəli sürülüb. Layihənin əsas məqsədi ölkədə və regionda “yaşıl” iqtisadiyyatın inkişafı haqqında sistemli və aktual məlumatlar təqdim edən əsas informasiya resursunun formalaşdırılmasıdır.
Onun fikrincə, portal yalnız milli deyil, həm də beynəlxalq auditoriyaya yönəlib. Belə ki, portaldakı bütün materiallar, jurnal kimi, üç dildə — qazax, rus və ingilis dillərində dərc olunur. “Yaşıl xəbərlər” bölməsində dünya, Mərkəzi Asiya və Qazaxıstanda baş verən hadisələr haqqında materiallar yerləşdirilir, “Yaşıl hüquqi aktlar” bölməsində isə bu sahəyə dair bütün aktual normativ-hüquqi sənədlər toplanıb. Jurnal materiallarının portal strukturuna inteqrasiyası vahid informasiya məkanının formalaşmasına xidmət edir.

Layihənin mühüm hissələrindən biri Qazaxıstandakı bütün bərpa olunan enerji obyektlərini əhatə edən interaktiv xəritə və sahənin inkişafına dair aktual statistik məlumatlardır. Bu alətlər sektorun inkişaf dinamikasını vizual şəkildə izləməyə imkan verir və platformanın analitik imkanlarını genişləndirir.
Nadejda Şayaxmetova həmçinin qeyd edib ki, portalın üç dildə fəaliyyət göstərməsi onun beynəlxalq auditoriya üçün açıq olmasını təmin edir və Qazaxıstanın “yaşıl” iqtisadiyyat sahəsində əldə etdiyi nailiyyətlərin qlobal səviyyədə tanıdılmasına töhfə verir. Belə ki, portal istifadəçilərinin təxminən yarısı xaricdən daxil olur və ümumilikdə 193 ölkədən izlənilir. Portal xüsusilə Çin, ABŞ, Sinqapur, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Özbəkistan və Qırğızıstan auditoriyası arasında daha populyardır.
Ümumilikdə, “Qazaq Green” layihəsi Qazaxıstanda jurnal fəaliyyəti və sahəvi jurnalistikanın keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Çap və rəqəmsal formatların inteqrasiyası, sahəvi yanaşma və analitik məzmuna vurğu müasir media modelinin formalaşdığını göstərir. Bu baxımdan layihə yalnız media təşəbbüsü deyil, eyni zamanda “yaşıl” iqtisadiyyat sahəsində biliklərin və kommunikasiya imkanlarının inkişafına xidmət edən strateji platforma kimi çıxış edir.
Fatimə Məmmədova
18:45 21.04.2026
Oxunuş sayı: 65