Borclular üçün yeni qaydalar - elektron hesablar da nəzarətə keçir?
Aprelin 17-də parlamentin müvafiq komitəsində müzakirəyə çıxarılan “Dövlət icra məmurları haqqında” qanuna dəyişiklik layihəsi icra mexanizmlərinin daha da təkmilləşdirilməsini nəzərdə tutur.
Layihə icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi və borcluların öhdəliklərinin icrasının daha effektiv təmin olunması məqsədi daşıyır.
Hazırkı qanunvericilik icra məmurlarına borclunun bank hesabları və əmlakı üzərində müəyyən tədbirlər görmək imkanı versə də, təklif olunan dəyişikliklər bu səlahiyyətləri daha da genişləndirir.
Yeni yanaşmaya əsasən, icra tədbirləri artıq elektron pul hesablarını, saxlancda olan vəsaitləri və digər maliyyə aktivlərini də əhatə edəcək, eyni zamanda borclunun və əlaqəli şəxslərin yerinin müəyyənləşdirilməsi istiqamətində imkanlar artırılacaq.
Məsələ ilə bağlı bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Artıq cari ilin aprel ayının 17-dən etibarən yeni qaydalar qüvvəyə minmişdir. Həmin dəyişikliklərə əsasən, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanununa edilmiş əlavə və dəyişikliklər çərçivəsində bir sıra mühüm yeniliklər tətbiq olunur.
Belə ki, kredit borcunu ödəməyən şəxslər barəsində məhkəmə qərarı qüvvəyə mindiyi təqdirdə, icra məmurları dərhal həmin şəxslərin bank hesablarında olan vəsaitlərə, eləcə də onların üzərində, iş yerində və ya yaşayış yerində aşkar edilən nağd pullara məhdudiyyət tətbiq etmək səlahiyyətinə malik olacaqlar. Bu vəsaitlər şəxsin əmlakı hesab olunduğundan, müvafiq hüquqi məsuliyyət də bu çərçivədə müəyyən edilir.
Bundan əlavə, edilən dəyişikliklərə əsasən, icra məmurlarına artıq vəfat etmiş şəxslərin və onların uşaqlarının yerini müəyyən etmək səlahiyyəti də verilmişdir".
Elmir Heydərli
10:00 21.04.2026
Oxunuş sayı: 47