Xəzərdə nə baş verir? - “Qırmızı Kitab”dakı növlər niyə ölür?
Xəzər dənizi sahillərində “Qırmızı Kitab”a daxil olan yüzlərlə nadir heyvanın ölü tapılması ekosistemin ciddi təhlükə altında olduğunu göstərir. Bu, təkcə ayrı-ayrı növlərin məhvi deyil, təbiətdə balansın pozulmasının açıq göstəricisidir.
Məsələnin əsas səbəbləri kimi dənizin çirkləndirilməsi, sənaye və məişət tullantılarının təmizlənmədən suya axıdılması, həmçinin iqlim dəyişiklikləri göstərilir. Bu amillər canlıların yaşayış mühitini məhv edərək onların kütləvi ölümünə səbəb olur.
Çıxış yolu isə nəzarətin gücləndirilməsi, tullantıların təmizlənməsi, ciddi cərimələrin tətbiqi və müntəzəm ekoloji monitorinqlərin aparılmasından keçir. Əks halda, bu cür hallar daha geniş miqyas ala bilər.
Mövzu ilə bağlı Coğrafiya İnstitutunun direktoru Zaur İmrani Crossmedia.az-a açıqlama verib:

"Qeyd etmək lazımdır ki, bu cür hadisələr ilk dəfə baş vermir və mütəmadi olaraq müşahidə olunur. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, insanların ətraf mühitə mənfi təsiri xüsusi qeyd olunmalıdır.
Çaylar vasitəsilə kortəbii zibilliklərin yaranması, tullantı sularının çaylara axıdılması və nəticədə bu suların Xəzər dənizi-nə tökülməsi ekosistemə ciddi ziyan vurur.
İkinci səbəb istehsal tullantıları ilə bağlıdır. Sənaye sahələrinin tullantılarının birbaşa dənizə axıdılması heç bir ekoloji normaya uyğun deyil.
Halbuki, tullantıların təmizlənməsi prosesi həyata keçirilməlidir. Təəssüf ki, bu prosesin lazımi səviyyədə aparılmadığını müşahidə edirik. Dənizin sahil xətti boyunca hərəkət etdikdə bu halları açıq şəkildə görmək mümkündür".
Z.İmrani qeyd edib ki, üçüncü səbəb isə təbiətdə baş verən proseslərlə əlaqədardır:
"Məsələn, dənizdə baş verən zəlzələlər və ya çökmə hadisələri də heyvanat aləminə mənfi təsir göstərə bilər. Eyni zamanda, qlobal istiləşmə, su ehtiyatlarının azalması, canlıların yaşayış mühitinin dəyişməsi, onların miqrasiyası və miqrasiya yollarının dəyişməsi də bu proseslərə təsir edən amillər sırasındadır.
Ümumilikdə, təbiət unikal və həssas bir sistemdir. Ona edilən istər təbii, istərsə də antropogen təsirlər ekosistemin balansına birbaşa təsir göstərir. Ətraf mühitin qorunması və sağlam həyat tərzinə nail olmaq üçün təbiəti və onun canlı aləmini qorumaq, ekoloji siyasəti daha da gücləndirmək vacibdir.
Bu istiqamətdə yalnız elmi tədqiqatlarla kifayətlənmək olmaz. Müntəzəm monitorinqlər aparılmalı, maarifləndirmə işləri genişləndirilməli və ciddi, o cümlədən maddi tədbirlər görülməlidir".
Ayhan
13:26 20.04.2026
Oxunuş sayı: 465