Neftdən sonrakı mərhələ - Azərbaycanın enerji strategiyasında atom faktoru
Azərbaycanın enerji siyasətində yeni mərhələyə keçid çərçivəsində enerji balansının şaxələndirilməsi istiqamətində mühüm addımlar atılır. Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində çıxışı zamanı bildirib ki, gələcəkdə atom enerjisi də ölkənin enerji balansının əsas komponentlərindən birinə çevriləcək.
Nazirin sözlərinə görə, artan enerji tələbatı fonunda Azərbaycan yalnız karbohidrogenlərlə kifayətlənməyərək, bərpa olunan mənbələr və nüvə enerjisini də əhatə edən daha dayanıqlı modelə keçidi hədəfləyir.
Bu yanaşma enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, ölkənin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq daha balanslı enerji sisteminin formalaşdırılmasına xidmət edir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İstənilən ölkə üçün enerji təchizatında diversifikasiyanın təmin edilməsi son dərəcə vacibdir. Bu baxımdan həm ənənəvi, həm də alternativ enerji mənbələrinin, o cümlədən atom enerjisinin və digər bərpa olunan enerji növlərinin inkişafı düzgün və zəruri yanaşmadır.
Atom enerjisi bu gün dünyada böyük maraq doğuran enerji mənbələrindən biridir. Onun yüksək məhsuldarlığı, etibarlılığı və xüsusilə iqtisadi səmərəliliyi bu sahəni daha da cəlbedici edir. Müasir dövrdə atom enerjisi bir çox ölkələrdə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və yüksək göstəriciləri ilə seçilir".
Elmir Heydərli
10:35 18.04.2026
Oxunuş sayı: 648