Neft-qaz sektoruna yeni investisiya dalğası - fürsət, yoxsa risk?
Azərbaycanda neft-qaz sektoru uzun illərdir ölkə iqtisadiyyatının əsas dayaqlarından biri kimi çıxış edir və bu sahəyə yönələn investisiyalar strateji əhəmiyyət daşıyır.
Yaxın 3 ildə bu sektora kapital qoyuluşunun artırılmasının planlaşdırılması isə həm mövcud infrastrukturun modernləşdirilməsi, həm də yeni yataqların işlənməsi baxımından diqqət çəkən bir addımdır.
Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, alternativ enerji mənbələrinin inkişafı və rəqabətin artdığı bir şəraitdə bu cür investisiyaların məqsədyönlülüyü xüsusi aktuallıq kəsb edir.
Bəs görəsən, neft-qaz sektoruna kapital qoyuluşunun artırılması bu sahənin inkişafına hansı təsirləri göstərə bilər və bu addım hazırkı iqtisadi reallıqlar fonunda nə dərəcədə zəruridir?
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanda neft-qaz sektoruna kapital qoyuluşunun artması bu sahənin texnoloji və istehsal baxımından daha da inkişaf etməsinə səbəb ola bilər. Yeni investisiyalar hasilatın səmərəliliyini artırmağa, köhnəlmiş avadanlıqların yenilənməsinə və daha mürəkkəb yataqların işlənməsinə imkan yaradır. Bu isə həm daxili enerji təhlükəsizliyini gücləndirir, həm də ixrac imkanlarını genişləndirərək ölkə iqtisadiyyatına əlavə gəlir gətirir.
Eyni zamanda kapital qoyuluşu yeni iş yerlərinin açılmasına, yerli mütəxəssislərin bilik və bacarıqlarının artmasına və əlaqəli sahələrin inkişafına da müsbət təsir edir. İnfrastrukturun yaxşılaşdırılması və innovativ texnologiyaların tətbiqi uzunmüddətli perspektivdə sənayenin dayanıqlığını gücləndirə bilər".
Ekspert qeyd edib ki digər tərəfdən, bu investisiyaların artırılması müəyyən dərəcədə zəruri hesab oluna bilər, çünki mövcud yataqların bir hissəsi artıq istismar mərhələsinin sonuna yaxınlaşır və hasilatın sabit saxlanılması üçün əlavə maliyyə və texnologiya tələb olunur:
"Bununla yanaşı, yalnız neft-qaz sektoruna fokuslanmaq iqtisadiyyatın şaxələndirilməsini zəiflədə bilər. Buna görə də kapital qoyuluşu balanslı şəkildə aparılmalı, həm bu sahənin inkişafı, həm də alternativ sektorların gücləndirilməsi nəzərə alınmalıdır".
Ayhan
18:00 15.04.2026
Oxunuş sayı: 52