Azərbaycan-Qazaxıstan media əməkdaşlığı nə vəd edir?
Azərbaycan və Qazaxıstanın media sahəsində tərəfdaşlığın genişləndirilməsini müzakirə etməsi iki ölkə arasında informasiya əməkdaşlığının daha sistemli və effektiv şəkildə qurulması perspektivini göstərir.
Belə bir əməkdaşlıq həm media resurslarının paylaşılması, həm keyfiyyətli jurnalistika standartlarının inkişaf etdirilməsi, həm də etik və qanuni çərçivələrin gücləndirilməsi baxımından önəmli irəliləyişlər vəd edir.
Bu kontekstdə əsas sual yaranır: tərəfdaşlığın media keyfiyyətinə, informasiya şəffaflığına və ictimai rəyə təsiri hansı səviyyədə olacaq?
Mövzu ilə bağlı professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanın digər Türk cümhuriyyətləri ilə, o cümlədən Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla əlaqə saxlaması, eləcə də Türkiyə ilə geniş münasibətlərə malik olması çox müsbət haldır.
Həm media əməkdaşlığı, həm də digər çoxşaxəli əməkdaşlıq istiqamətləri yalnız və yalnız hər iki tərəfin tərəqqisi, ümumi problemlərin görülməsi və onların həlli baxımından olduqca önəmlidir.
O ki qaldı, konkret olaraq Qazaxıstanla media sahəsində əməkdaşlığa, mənə elə gəlir ki, buna ciddi ehtiyac var. Bu ikitərəfli əlaqələr həm Qazaxıstanda, həm də Azərbaycanda medianın keyfiyyət baxımından yeni mərhələyə yüksəlməsi üçün ciddi əsas yarada bilər.
Söhbət nədən gedir? İndiki halda, əlbəttə, birinci növbədə ümumi informasiya məkanının yaradılmasından.
İkincisi, Qazaxıstanın və Azərbaycanın malik olduğu informasiya resurslarının paylaşılmasından.
Üçüncüsü, mediaya olan təzyiqlərin bu və ya digər formada zərərsizləşdirilməsindən.
Dördüncüsü isə media qanunvericiliyinin və ümumi etik qaydaların işlənib hazırlanmasından.
Bax, bunların hamısı mahiyyət etibarilə əməkdaşlıq üçün baza istiqamətləri rolunu oynaya bilər.
Hesab edirəm ki, bu əməkdaşlığa həm Qazaxıstanda, həm də Azərbaycanda iki ölkənin ümumi yaxşı münasibətləri kontekstində baxılır.
Ona görə də, bu əməkdaşlığın ciddi bəhrə verəcəyi böyük inamla qəbul olunur.
Əlbəttə, Qazaxıstan kimi müasir dövrdə güclü iqtisadi və enerji resurslarına malik olan bir ölkə ilə Azərbaycanın media sahəsində əməkdaşlığının yeni mərhələyə qalxması çox təqdirəlayiq təşəbbüsdür. Bunu ancaq və ancaq alqışlamaq olar".
Ayhan
14:13 10.04.2026
Oxunuş sayı: 62