Aeroportda yeni texnologiyalar – sərniş rahatlığını, yoxsa əlavə yoxlamaları artırır?
Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişin təhlükəsizliyinin artırılması və yoxlama prosesinin optimallaşdırılması istiqamətində mühüm texnoloji yeniliklər tətbiq olunub.
Modernizasiya çərçivəsində quraşdırılan yeni nəsil avadanlıqlar sərnişinlərin uçuş öncəsi yoxlanışını daha sürətli, dəqiq və komfortlu şəkildə həyata keçirməyə imkan verir ki, bu da beynəlxalq hava nəqliyyatı standartlarına uyğun xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Yeniliklər sırasında Rohde & Schwarz QPS201 millimetr dalğa texnologiyası əsaslı sistemlər və kompüter tomoqrafiyası (CT) əsaslı baqaj skanerləri xüsusi yer tutur.
Bu texnologiyalar sayəsində potensial təhlükələrin avtomatlaşdırılmış şəkildə aşkarlanması mümkün olur, sərnişinlərin isə elektron cihazları və mayeləri çantadan çıxarmadan yoxlamadan keçməsi təmin edilir. Layihə ACI Europe, ICAO və TSA tərəfindən müəyyən edilmiş beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə həyata keçirilir.
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Millimetrlik dalğa skaneri mahiyyət etibarilə radiasiyasız texnologiya hesab olunur. Yəni burada istifadə olunan dalğalar klassik ionlaşdırıcı radiasiya deyil və insan sağlamlığı üçün təhlükəsiz sayılır.
Bu texnologiyanın əsas üstünlüklərindən biri yüksək dəqiqliyə malik olmasıdır. Skaner həm metal, həm də qeyri-metal materialları aşkar etmək qabiliyyətinə sahibdir və hətta plastik partlayıcı maddələrin müəyyən edilməsinə imkan verir.
Eyni zamanda, yoxlama prosesi olduqca sürətlidir – təxminən 1–2 saniyə ərzində tamamlanır. Məxfilik prinsipi qorunur və analiz prosesi kompressiyalı şəkildə həyata keçirilir, yəni birbaşa bədən görüntüsü təqdim olunmur.
Bununla belə, bəzi zəif tərəflər də mövcuddur. Bəzən yalnış siqnallar yarana bilər və əlavə yoxlamaya ehtiyac duyula bilər. Bu hallar əsasən üzərimizdə olan çoxsaylı aksesuarlar və ya qalın geyimlə bağlı olur.
Digər mühüm texnologiya isə bagaj skaneridir. Bu sistem çoxsəviyyəli (üçlü) analiz mexanizminə malikdir və yoxlama obyektlərini daha dərindən və dəfələrlə analiz etmək imkanını təmin edir.
Bu da yüksək dəqiqlik və etibarlılıq göstəricisidir. Mayelərin çıxarılmasına ehtiyac olmadan yoxlama aparılması prosesi daha rahat və operativ edir.
Avtomatlaşdırılmış analiz sistemi operatorun iş yükünü azaldır, insan faktorundan asılılığı minimuma endirir və yoxlama prosesinin daha sürətli təşkilinə şərait yaradır.
Zəif tərəflərə gəldikdə isə, bəzi hallarda nəticələrin dəqiqliyi nisbətən aşağı ola bilər. Bundan əlavə, bu cür avadanlıqların müntəzəm texniki xidməti (illik və dövri baxışlar) zəruridir. Sıx yoxlama şəraitində isə əlavə, minimum səviyyəli yoxlamaların aparılması tələb oluna bilər ki, bu da normal hal kimi qiymətləndirilir".
Elmir Heydərli
16:13 09.04.2026
Oxunuş sayı: 393