Rayonlarda sahibsiz itlər problemi ciddi təhlükə yaradır – Ekspert
Rayonlarda sahibsiz itlərin sayının artması sosial və təhlükəsizlik baxımından ciddi problemlər doğurur. Son dövrlərdə müxtəlif bölgələrdə it dişləməsi halları ilə bağlı tibb müəssisələrinə müraciətlərin artması məsələni daha da aktuallaşdırır. Müraciət edənlər arasında uşaqların da olması bu problemin həssas və təhlükəli mahiyyətini göstərir. Hazırkı vəziyyət sahibsiz heyvanlarla bağlı daha sistemli tədbirlərin görülməsini, o cümlədən sığınacaqların yaradılmasını və nəzarət mexanizmlərinin gücləndirilməsini tələb edir.
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elçin Bayramlı Crossmedia.az-a bildirib ki, bu problem uzun müddətdir mövcuddur və xüsusilə insanların təhlükəsizliyini təhdid edir:
"Burada küçə itlərinin, quduzlaşmış itlərin hücum faktoru əsas rol oynayır. Bu, təhlükə yaradır. Lakin hər bir halda humanist yanaşma vacibdir. Onlar da canlıdırlar, heyvandırlar. Yəni, bunu sərt yollarla həll etmək olmaz. Bir çox ölkələrdə bu məsələ sivil üsullarla həll olunur".

E. Bayramlı vurğulayıb ki, Azərbaycanda belə təcrübələr mövcuddur:
"Məsələn, Bakıda "Toplan" adlı toplanış məntəqəsi fəaliyyət göstərir. Həmin küçə itləri orada normal şəraitdə saxlanılır. Bu təcrübəni rayonlarda və digər şəhərlərdə də kiçik məntəqələr formasında tətbiq etmək mümkündür. Orada məsələ ilə məşğul olan bir neçə nəfər olmalı və belə halların qarşısını almalıdır".
O əlavə edib ki, quduzlaşmış itlər üçün tibbi yolla təhlükənin aradan qaldırılması üsulları mövcuddur:
"Quduzlaşmanın qarşısını almaq üçün dərman və profilaktik tədbirlər var. Bu məsələ artıq aktualdır, şikayətlər çoxdur və tədbirlər görülməlidir. Bakıda tətbiq olunan təcrübəni ölkənin digər bölgələrində də yaratmaq olar. Heyvanlar üçün xüsusi sığınacaqlar, məntəqələr olmalıdır, yalnız təhlükə törədə biləcək itlər ora cəlb edilməlidir. Kiçik, sadə və təhlükəsiz itlər isə normal ev heyvanı kimi qalmalıdır".
Ekspert qeyd edib ki, bu məsələ həm dövlət, həm də qeyri-hökumət təşkilatları tərəfindən həll edilə bilər:
"İctimai təşkilatlar heyvan hüquqlarını müdafiə edən cəmiyyətlər vasitəsilə bu işlə məşğul ola bilərlər. Dövlət fondlarından qrant və maliyyə dəstəyi ayrılır və bu vəsaitlər praktik layihələrə yönləndirilə bilər. Kiçik məntəqələr şəklində hər şəhərdə belə yerlər təşkil etmək mümkündür. Sadə və sivil formada bu problemi həll etmək olar ki, həm təhlükə aradan qaldırılsın, həm də heyvanlar humanist şəkildə qorunsun".
Mehriban Yariyeva
18:33 08.04.2026
Oxunuş sayı: 56