Mineral suların keyfiyyətinə nəzarət yetərlidirmi?
Marketlərdə satılan mineral sular qida təhlükəsizliyi və keyfiyyət standartlarına uyğun olaraq istehsal edilsə də, onların həqiqətən təbii və minerallarla zəngin olub-olmaması məsələsi tez-tez müzakirə olunur.
Bəzi məhsulların təbii mənbədən əldə edildiyi bildirilsə də, digərlərinin süni şəkildə minerallaşdırıldığı ehtimalı istehlakçılar arasında suallar yaradır.
Bu səbəbdən, mineral suların tərkibi, istehsal prosesi və keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı mövzu aktuallığını qorumaqda davam edir.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Crossmedia.az-a açıqlama verib:
"Qida təhlükəsizliyi sahəsində aparılan işlər son dərəcə vacibdir. Xüsusilə, pestisidlər qapalı məkanlarda saxlanılmalı, tam nəzarət altında olmalı və onların idarə edilməsi ayrıca məsul şəxsə həvalə edilməlidir. Eyni qaydalar digər kimyəvi preparatlara da aiddir.
Məsələn, bir neçə il əvvəl Cənub zonasındakı çiyələk plantasiyalarından birində müşahidə etmişdim ki, bir otaqda 30-35 adda müxtəlif kimyəvi maddə saxlanılır və bunlar olduqca nəzarətsiz şəkildə istifadə olunurdu. Bu preparatlar məhsulun rəngini, dadını və ölçüsünü dəyişmək məqsədilə tətbiq edilirdi.

Bu isə ciddi narahatlıq doğuran haldır. Belə kimyəvi maddələr mütləq ciddi nəzarət altında saxlanılmalı və onların istifadəsinə cavabdeh şəxslər müəyyən edilməlidir.
Məlumdur ki, sovet dövründə Azərbaycan torpaqları kimyəvi maddələrlə həddindən artıq çirkləndirilmişdir".
Ekspert əlavə edib ki, vaxtilə ən təhlükəli kimyəvi preparatlar sahələrin kənarına atılır, yağış suları vasitəsilə torpağa yayılaraq geniş çirklənməyə səbəb olurdu:
"Hesab edirəm ki, bu gün də həmin çirklənmənin təsirləri tam aradan qalxmayıb və torpaqlar müəyyən dərəcədə həmin dövrün mənfi mirasını daşıyır.
Hazırda isə bu məsələyə daha ciddi yanaşılmalıdır. Çünki pestisidlərin mövcudluğunu yerindəcə ölçən mobil cihazlar yoxdur və onların miqdarı yalnız laboratoriya şəraitində müəyyən edilə bilər. Nitratların ölçülməsi üçün ekspres metodlar mövcud olsa da, pestisidlərin təyin edilməsi üçün belə imkanlar məhduddur.
Bu baxımdan, qida təhlükəsizliyi üzrə məsul qurumların laboratoriyaları vasitəsilə aparılan yoxlamalar olduqca əhəmiyyətlidir. Bu, həm məhsulun keyfiyyətinin qorunması, həm də insanların sağlamlığının təmin olunması baxımından vacib addımdır.
Eyni zamanda, aqrar sahədə fəaliyyət göstərən şəxslər mütəmadi olaraq müvafiq qurumlarla əlaqə saxlamalı, kimyəvi maddələrin düzgün və rasional istifadəsi ilə bağlı tövsiyələr almalıdırlar. Pestisidlərin idarə olunması üçün ayrıca məsul şəxslər təyin edilməli və bu sahə daim nəzarətdə saxlanılmalıdır.
Ümumilikdə, bu istiqamətdə aparılan tədbirləri müsbət və vacib addım kimi qiymətləndirmək olar".
Ayhan
16:21 08.04.2026
Oxunuş sayı: 507