"AzərEnerji" Naxçıvanın enerji sistemini beynəlxalq standartlara uyğunlaşdırır
"AzərEnerji" ASC Naxçıvan Muxtar Respublikasında enerji infrastrukturunu köklü şəkildə yeniləyir, rəqəmsal və intellektual idarəetməyə əsaslanan müasir enerji sistemi qurur.
Crossmedia.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, layihə çərçivəsində regionun enerji təchizatında mühüm rol oynayan 110 kilovoltluq "Naxçıvan", 154 kilovoltluq "Babək" və kilovoltluq "Çeşməbasar" yarımstansiyaları tam yenidən tikilir və işlər yekun mərhələyə çatıb. Xüsusilə, "Naxçıvan" yarımstansiyası regionda ilk qapalı tipli yarımstansiya olaraq inşa edilir ki, bu da təhlükəsizlik və operativ idarəetməni əhəmiyyətli dərəcədə artıracaq.
Eyni zamanda, enerji sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır. "AzərEnerji" tərəfindən Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir, mövcud stansiya və yarımstansiyalar vahid SCADA şəbəkəsinə inteqrasiya olunacaq. Bu yeniliklər enerji şəbəkəsinin məsafədən operativ və tam rəqəmsal idarə olunmasını təmin edəcək.
Ötürücü şəbəkə də mərhələli şəkildə yenilənir. Ötən əsrin 50-ci illərindən qalan 110 kilovoltluq hava xətləri müasir ötürmə xətləri ilə əvəz edilir. İlkin mərhələdə ümumi uzunluğu 69 km olan "Culfa", "Ordubad-1" və "Ordubad-2" elektrik verilişi xətləri ikidövrəli olmaqla yenidən qurulub. Bundan əlavə, yaşayış ərazilərindən keçən bəzi hava xətlərinin 5,2 km-lik hissəsi müasir şəhər üslubuna uyğun olaraq yeraltı kabel xətləri ilə əvəz olunur.
Naxçıvanın ölkənin əsas enerji sistemi ilə birləşdirilməsi və Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizinin formalaşdırılması istiqamətində də işlər sürətlə davam edir. Bu çərçivədə Cəbrayıldan başlayaraq, ikidövrəli olmaqla 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur. Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək. Bununla da Naxçıvanın beynəlxalq enerji dəhlizində strateji mövqeyi ən yüksək səviyyəyə çatdırılacaq.
11:03 08.04.2026
Oxunuş sayı: 38