TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclası keçirilib
Milli Məclisdə İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclası baş tutub və sessiya "TÜRKPA üzv dövlətlərinin birgə iqtisadi fəaliyyətinin həyata keçirilməsinin reallıqları və perspektivləri" mövzusuna həsr olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə TÜRKPA-dan məlumat verilib.
İclasa Komissiyanın sədri, Qazaxıstan Parlamenti Məclisinin deputatı Anas Bakkojayev sədrlik edib. Açılış mərasimində komissiyanın sədri Anas Bakkojayev və komissiyanın digər üzvləri – Azərbaycan Milli Məclisinin üzvləri Ağalar Vəliyev və Fazil Mustafa, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Bekmurza Ergeşov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Mahmut Rıdvan Nazırlı və Cemal Enginyurt, Macarıstanın Azərbaycandakı səfiri Tamas Torma, Şimali Kiprin Bakıdakı nümayəndəsi xanım Ufuk Turganer və TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali çıxış ediblər.
Çıxışlardan sonra Komissiya üzvləri gündəlikdəki məsələləri müzakirə edib və TÜRKPA üzv ölkələri arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, müasir çağırışların aradan qaldırılması, fəaliyyətlərin əlaqələndirilməsi və qlobal həmçinin regional təhdidlər qarşısında Türk dünyasının birləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Komissiya əsas məsələ üzrə hesabat və tövsiyələri, habelə Komissiya çərçivəsində hazırlanmış, cari ilin oktyabr ayında Qırğız Respublikasında keçiriləcək TÜRKPA-nın 15-ci Plenar Sessiyasına təqdim edilməli olan "Birgə müəssisələr haqqında" model qanun layihəsini müzakirə edərək təsdiqlənib.
Komissiya növbəti iclasını 2027-ci ildə Qazaxıstanda "TÜRKPA üzv dövlətlərində iqtisadi təhlükəsizliyin təmin edilməsi: tətbiq ediləcək bir model kimi müsbət təcrübə" əsas mövzusu üzrə keçirməyə və Komissiyanın 2027-ci il üçün iş planı çərçivəsində 2023-2028-ci illər üzrə Strateji Yol Xəritəsində müəyyən edildiyi kimi "Ağıllı şəhər və kənd haqqında" model qanun layihəsini hazırlamağa qərar verib.
21:36 07.04.2026
Oxunuş sayı: 41