Əliniz cibinzidə olsun: Rüşvət aradan qalxmayıb, sadəcə forması dəyişib
Əvvəllər qapalı otaqlarda, “gizli ödəniş”lərlə həll olunan işlər indi açıq-aşkar rəsmi rüsumlarla vətəndaşın cibini boşaldır. Rüşvət yoxa çıxmayıb – sadəcə adı dəyişib və dövlət tərəfindən “qanuni ödəniş” adı ilə təqdim olunur. İnsanlar etiraz edir: əvvəllər gizli ödənilən rüşvət indi rəsmi adı altında onların haqqı kimi çıxılır. Hər rüsum artımı ilə vətəndaşın həyatının bir hissəsi pulla ölçülür, adi sənəd, sadə icazə də artıq lüks kimi görünür. Bir zamanlar gizli qalan korrupsiya indi qanuni pərdəyə bürünüb və bu, cəmiyyətdə dərin narazılıq yaratmağa davam edir.

Bu barədə Crossmedia.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, ümumiyyətlə, rüşvət alınması və vətəndaşların hər hansı bir məsələnin həlli, hər hansı bir sənədin əldə olunması və ya hər hansı bir nəsnəni əldə etmək üçün rüşvət verməsi vətəndaş tərəfindən cinayət hesab olunur: "Dövlət məmurunun hansısa bir məsələnin həlli, hansısa bir əşyanın verilməsi və ya hər hansı bir məsələni icra etmək üçün rüşvət alması həmin məmurun açısından cinayət hesab olunur. Ona görə də əgər indiyə qədər bu pullar vətəndaşlar tərəfindən ödənilirdisə və şəxsi ciblərə gedirdisə, dövlət tərəfindən müəyyən olunan tariflər və xidmət haqları birbaşa dövlətin büdcəsinə ödənilir. Amma dövlətin büdcəsinə ödənilirsə, bunun yüksək olması ilə bağlı bir anlayış yoxdur. Dövlət hər hansı bir tarifi müəyyən edərkən, hər hansı bir xidməti qiymətləndirərkən mütləq şəkildə həmin işin maya dəyərini cəmiyyətə təqdim etməli və ardından niyə bu qiyməti və ya məbləği tətbiq etdiyini izah etməlidir".
R.Süleymanov, həmçinin qeyd edib ki, Azərbaycan dövləti Konstitusiyaya uyğun olaraq demokratik dövlətdir. Burada idarəetmə forması və qaydası, idarə edən şəxslər seçkilər əsasında formalaşdırılır: "Əgər vətəndaşlar bununla bağlı hər hansı narazılıqlara malikdirsə, mütləq şəkildə seçkiyə getməli, onları incidən qanunları qəbul edən şəxslərin əleyhinə səs verməli və öz namizədlərini seçməklə seçki hüquqlarını istifadə etməlidirlər. Yalnız narazı elektoratın rüşvət, dövlət tərəfindən tətbiq olunan yüksək tariflər və qanunsuzluq edən məmurlardan xilas olması seçki yolu ilə mümkündür".
19:20 07.04.2026
Oxunuş sayı: 51