Novruz Türkiyədə rəsmi bayram olur? - tarixi qərar yenidən gündəmdə
Türkiyədə qədim ənənələrin dirçəldilməsi və milli-mədəni dəyərlərin qorunması istiqamətində mühüm addım atılmaq üzrədir.
Novruz bayramı münasibətilə martın 21-nin rəsmi bayram kimi təsbit olunması təşəbbüsü cəmiyyətin geniş marağına səbəb olub və bu qərarın həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdığı vurğulanır.
Bu istiqamətdə təşəbbüs hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən irəli sürülüb. Partiyanın sədr müavini Kürşad Zorlu bildirib ki, qanun layihəsi üzərində işlər artıq yekun mərhələyə çatıb və yaxın vaxtlarda ictimaiyyətə təqdim olunması gözlənilir.
Məsələ ilə bağlı Türkoloq-alim Faiq Ələkbərli Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"21 martın bütün türk dövlətlərində rəsmi bayram kimi qeyd olunması təşəbbüsü təqdirəlayiqdir. Əslində, müstəqil türk dövlətlərinin böyük əksəriyyəti — Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan — artıq bu bayramı rəsmi şəkildə qeyd edir.
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində isə Novruz hələlik rəsmi tətil kimi təsdiqlənməyib. Eyni zamanda, Macarıstanda da bu bayram qeyd olunmur.

Bununla belə, son illərdə Türkiyə Cümhuriyyətində 21 martın müəyyən mənada qəbul edildiyini görürük. Sadəcə olaraq, bu tarix hələ rəsmi istirahət günü statusu daşımır. Hazırda ölkənin hakim siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasında bu istiqamətdə təkliflər səsləndirilir və bayramın rəsmi şəkildə tanınması gündəmdədir.
Ehtimal etmək olar ki, Türkiyə bu addımı atacağı təqdirdə, Şimali Kipr Türk Cümhuriyyəti də eyni mövqeni bölüşəcəkdir. Hətta Macarıstanın da bu istiqamətdə müəyyən addımlar atması istisna edilmir. Çünki macarlar öz tarixi köklərini hunlara bağlayır və tarixə nəzər saldıqda Novruzun — yəni Yeni gün bayramının — hunlar, eləcə də iskitlər və saklar dövründə qeyd olunduğunu görürük.
Tarixi mənbələr də təsdiqləyir ki, türk dövlətlərində Novruz mühüm yer tutub. Məsələn, Səlcuqlar dövründə, Sultan Məlikşahın hakimiyyəti zamanında bu bayram rəsmi şəkildə qeyd olunurdu.
Bu gün Novruz yalnız türklər tərəfindən deyil, bəzi hind-avropa xalqları — taciklər, farslar, əfqanlar və digərləri tərəfindən də qeyd olunur. Bu isə təbii haldır, çünki həmin xalqlar tarixən türk xalqları ilə sıx təmasda olmuş, eyni coğrafiyanı paylaşmışlar. Lakin bayramın kökündə dayanan əsas mədəni və tarixi baza türk dünyasına məxsusdur.
Adından asılı olmayaraq — istər Yeni gün, istər Ərgənəkon, istərsə də Yaz bayramı kimi — bu bayramın bütün türk dövlətləri tərəfindən ortaq şəkildə qəbul edilməsi böyük əhəmiyyət daşıyır. Bu, türk dünyasının mədəni birliyinin möhkəmlənməsi baxımından mühüm bir addım ola bilər.
Fikrimcə, Novruzun bütün türk dövlətlərində rəsmi tətil kimi qəbul olunması bu istiqamətdə atılacaq ilk addım olacaq. Gələcəkdə isə digər ortaq türk bayramlarının da formalaşacağına və qeyd ediləcəyinə ümid edirəm".
Elmir Heydərli
12:40 07.04.2026
Oxunuş sayı: 466