Onlayn mebel almayın : İstehlakçıların hüquqları pozulur
İstehlakçılar arasında ən çox qarşılaşılan problemlərdən biri də mebellərin yararsız olmasıdır. Bəzən mebel evə gətiriləndə artıq zədəlidir, parçaları qırıq və ya çatlar olur. Digər hallarda isə mebel bir neçə gün və ya həftə sonra keyfiyyətini itirir, zəmanət müddətində belə xarab çıxır. Bu yalnız estetik narazılıq yaratmır, həm də ailələrin gündəlik həyatını çətinləşdirir, əşyaların istifadəsini məhdudlaşdırır.
İstehlakçılar sifariş verərkən düzgün keyfiyyət gözləsələr də, alqı-satqı zamanı görülən iş sifarişə uyğun olmur, çatdırılma zamanı səhvlər baş verir və evə gələn məhsuldan razı qalmırlar. Bəzi hallarda isə satıcılar problemi qəbul etmir, zəmanət və ya qaytarma prosesində gecikmələr yaradırlar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Crossmedia.az-a açıqlamasında deyib ki, istehlakçı hüquqlarının təxminən 20.000 istiqaməti var:
"Azad İstehlakçılar Birliyinə gələn şikayətləri araşdırsaq, təxminən 20.000 istiqamət görərik. Mebellərinə gələn şikayətlər təxminən 15% təşkil edir. Mebellərlə bağlı gələn şikayətlər də çox müxtəlifdir. Ən geniş yayılmışlardan biri vətəndaşın sosial şəbəkə üzərindən mebeli bəyənməsidir. Gətirir, gətirib evinə verir, lazımsız mebeli verib gedirlər. Və yaxud gedir, dükanda bəyənir, evinə gətirəndə ayrısını verirlər. Bundan əlavə, vətəndaş sifariş verir, lakin görülən işi sifarişə uyğun eləmirlər və evinə gəlmir. Bəzən də alıb gətirirlər, çox qısa müddətdə zəmanət verirlər, amma mebel xarab çıxır".
E. Hüseynovun sözlərinə görə, geniş yayılmış məsələlərdən biri də pulu alıb işi görməməkdir: "Bir qız mebeli alıb maşına yüklətdirib Bərdəyə gətirilməsini istəmişdi. Oraya göndərdikləri mebel isə tamam yararsız olmuşdu. Nə qədər etmişdisə də, qaytarmamışdılar. Bütün bunların köklü səbəbi ölkədə istehlakçı hüquqlarının bərbad vəziyyətdə olmasıdır. İstehlakçıların hüquqları müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. Ondan sonra qanun dəyişməyib. Təsadüfi deyil ki, mən dünən Özbəkistandan materialları aldım. Orada Özbəkistan hakimiyyəti 5 mərtəbəli binanı istehlakçı təşkilatlarına veriblər ki, burada istehlakçıların hüquqları qorunsun. Təəssüflər olsun ki, Azərbaycanda istehlakçı hüquqları bərbad vəziyyətdədir və liberal bazardan gedirsə söhbət, əsas prinsip budur ki, istehlakçı haqlıdır. Lakin Azərbaycanda bu hüquqa dair planlar çox təəssüf doğurur. İstehlakçıların hüquqları ilə bağlı problemlər zamanı tövsiyə edirəm ki, (012)-599-76-00 telefonu ilə müraciət etsinlər."
Mütəxəssis, həmçinin vurğulayıb ki, mebel alarkən diqqət ediləsi məqamlardan biri onlayn alışdır: "İstehlakçılar onlayn şəkildə mebel almamalıdır. Aldatma ən çox burada baş verir. Mebeli gözlərinin qabağında yoxlasınlar, gətirsinlər. Əks halda problemlərlə üzləşəcəklər. Bir zəmanət müddəti alsınlar. Öz iştirakları ilə mebeli boşaltsınlar, açdırsınlar".
Fatimə
19:29 06.04.2026
Oxunuş sayı: 70