İranda müharibə ABŞ-də Trampla generalları qarşı- qarşıya qoyub
Son günlərdə ABŞ prezidenti Donald Tramp administrasiyasında kadr dəyişiklikləri müzakirə olunur. Federal Təhqiqat Bürosunun direktoru Keş Patel, Ordu Katibi Daniel Driskol və Əmək naziri Lori Çavez-Deremerin mümkün istefaları gündəmdədir. Müzakirələr artıq aparılmağa başlanıb, lakin dəyişikliklərin konkret vaxtı hələ müəyyən deyil. Prezident Tramp isə bu məsələ ilə bağlı hələlik yekun qərar verməyib. Bu isə mövcud sualı ortaya qoyur: Bu proseslər Yaxın Şərqdəki müharibə ilə bağlı ABŞ elitasındakı fikir ayrılığının təzahürü ola bilərmi?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-də müəyyən dəyişikliklərin həyata keçirilməsi ilə bağlı məsələ müzakirə olunmaqdadır: “ Şübhəsiz ki, bunun əsas səbəbi İranla savaşla bağlıdır. Belə ki, hələ bu savaş başlamazdan əvvəl də ABŞ-də dövlət qurumlarının bəzi rəsmiləri bu savaşın ölkə üçün çox ciddi problemlər yaradacağına çevriləcəyini deyir və buna qarşı çıxırdılar. Eyni zamanda, hər bir elitada da bununla bağlı kifayət qədər ciddi etirazlar var. Biz artıq ABŞ Müharibə Nazirliyinin rəhbərliyi tərəfindən idarədə dəyişikliklərin və təmizləmələrin həyata keçirildiyinin şahidi oluruq. Artıq bir xeyli təcrübəli şəxslər ordudan kənarlaşdırılır, onlar ya vəzifəsindən çıxarılır, ya təqaüdə göndərilir.”
Politoloq, həmçinin qeyd edib ki, digər şəxslərin məsələsi də müzakirə olunmaqdadır: " Bu, onunla bağlıdır ki, ABŞ ordusunda Trampın İran əməliyyatlarından narazı olan şəxslər kənarlaşdırılır. Xüsusilə də quru əməliyyatların keçirilməsi ilə bağlı ABŞ-nin hərbi elitasında kifayət qədər ciddi narahatlıq var. Əksər yüksək rütbəli hərbçilər bunun ciddi nəticələri olacağı qənaətindədirlər. Bu baxımdan, həmin şəxslər kənarlaşdırılmaqla onların yerinə daha loyal münasibət göstərən hərbçilərin gətirilməsi nəzərdə tutulur".
Fatimə
19:12 06.04.2026
Oxunuş sayı: 65