Balanslı siyasət və humanitar yanaşma - Rəsmi Bakının mesajı
Cənubi Qafqazda mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir dövrdə Azərbaycanın balanslı və praqmatik xarici siyasət xətti bir daha diqqət mərkəzinə çıxır.
İlham Əliyev tərəfindən dəfələrlə səsləndirilən “Azərbaycan ərazisi heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq” prinsipi, rəsmi Bakının regionda gərginliyin artmasında deyil, əksinə sabitliyin qorunmasında maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir.
Bu kontekstdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin İran səfiri ilə görüşü və verilən mesajlar da təsadüfi deyil. Azərbaycanın eyni zamanda, İrana humanitar yardım göndərməsi, münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində deyil, real addımlarla da dəstəkləndiyini göstərir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan regionda qarşıdurma tərəfi kimi deyil, dialoq və əməkdaşlıq platforması kimi çıxış etməyə çalışır və bu mövqe, xüsusilə gərgin beynəlxalq şəraitdə, ölkənin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Crossmedia.az-a açıqlama verib:
"Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya dövlətləri ilə, o cümlədən də cənub qonşumuz İranla sülh və əmin-amanlıq şəraitdə yaşamaq, bu istiqamətdə qarşılıqlı fəaliyyət göstərməyi özünün konstitusion niyyətlərindən biri kimi müəyyən edib. Ötən dövr ərzində rəsmi Bakı bu niyyətində səmimi olduğunu dəfələrlə praktik olaraq sübut etmiş, İranla münasibətlərini beynəxalq hüququn hamılıqla qəbul edilmiş normalarında əksini tapan prinsiplər əsasında daha inkişafı üçün əzm və səy ortaya qoymuşdur.

Məhz bu çərçivədə Azərbaycan mümkün risklərə baxmayaraq öz ərazisindən heç bir dövlətə, o cümlədən İrana qarşı istifadə edilməsinə yol verilməyəcəyini bəyan etmiş, İran ətrafında başlanan gərginliklər fonunda cənab İlham Əliyev mövqeyini qoruyaraq Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan ərazilərindən İrana qarşı hər hansı formada istifadə edilməsi ilə bağlı hətta müzakirələrə belə imkan verməmişdir.
O cümlədən Azərbaycan münaqişənin ilk saatlarından etibarən beynəlxalq hüququn ümumtanınmış normalarını rəhbər tutan mövqe sərgiləmiş, Prezident İlham Əliyev bu ölkənin ali dini liderin öldürülməsi ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gedərək şəxsən başsağlığı vermişdi".
Deputat qeyd edib ki, indiki mürəkkəb situasiyada bu addım Azərbaycan Respublikasının müstəqil çoxvektorlu xarici siyasət kursunun göstəricisi olmaqla bərabər həm də ölkəmizin İrana olan sağlam münasibətinin nümayişliyidir:
"Məlumdur ki, Prezident İlham Əliyevin daxili və xarici siyasət kursunun ana xəttini insan amili təşkil edir və İran ətrafında başlanan hərbi gərginlik fonunda da Azərbaycan bu kursa sadiq qalaraq müharibədən zərərçəkməkdə olan dinc iranlılara hümanitar yardım göstərən azsaylı dövlətlərdən biri olmuşdur.
Sirr deyil ki, hazırkı mürəkkəb geosiyasi situasiyada İranla hər hansı formada əlaqəyə malik olmaq, o cümlədən bu ölkəyə hümanitar yardım göstərilməsinə dünya birliyi o qədər də maraq göstərmir.
Lakin Azərbaycan Respublikası Vətən müharibəsi və antiterror tədbirlərində olduğu kimi beynəlxalq hümanitar hüququn aliliyinin təmin edilməsi istiqamətində nümunəvi davranış ortaya qoymaqla ölkəmizin beynəlxalq birliyin məsuliyyətli üzvü olduğunu və regionun əsas insan hamisi kimi özünü sübut etdiyini dünyaya göstərmiş oldu".
Ayhan
15:05 06.04.2026
Oxunuş sayı: 913