İcarə avtomobil götürənlərin diqqətinə: Qaydalar dəyişir!
Azərbaycanda avtomobil icarəsi sektorunda yeni normativ hüquqi aktların hazırlanması və bu sahənin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar, əslində, bazarın uzun müddətdir ehtiyac duyduğu sistemli islahatların başlanğıcı kimi qiymətləndirilə bilər. Mövcud şəraitdə icarə xidmətlərinin fəaliyyətində vahid standartların tam formalaşmaması, şəffaflıq problemləri və istifadəçi hüquqlarının bəzən yetərincə qorunmaması bu sahədə müəyyən boşluqların olduğunu göstərirdi.
Yeni yanaşma isə məhz bu boşluqları aradan qaldırmağa yönəlib. Xidmətlərin vahid qaydalar əsasında tənzimlənməsi, əməliyyatların rəqəmsal mühitə keçirilməsi və ümumi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi həm sahibkarlar, həm də istifadəçilər üçün daha etibarlı və proqnozlaşdırıla bilən mühit formalaşdıra bilər. Bu isə nəticə etibarilə bazarda rəqabətin sağlamlaşmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və vətəndaş məmnuniyyətinin artmasına zəmin yaradır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlama verib:

"Avtomobillərin icarəsi ilə bağlı müxtəlif dövlətlərin özünəməxsus yanaşmaları mövcuddur. Ən yaxşı və mütərəqqi yanaşma, təbii ki, Avropa ölkələrində tətbiq olunur. Bu sistemdə avtomobili icarəyə götürən şəxs icarə müddəti ərzində yalnız əsas məsuliyyət daşıyır, lakin əlavə sığorta mexanizmləri də mövcuddur. Yəni avtomobilin istifadəsi zamanı hər hansı sığorta hadisəsi baş verərsə, bu, əlavə sığorta vasitəsilə qarşılanır. Düzdür, sürücü avtomobilin idarə edilməsinə məsuliyyətlə yanaşır, lakin yolda nasazlıq yaranarsa, yaxud avtomobil qırılar, zədələnərsə və ya hər hansı problem ortaya çıxarsa, bu hallarda məsələ daha sadə şəkildə həll olunur. Belə ki, şəxs avtomobili olduğu yerdə saxlayaraq prosesi tamamlayır və əgər icarə müddəti hələ bitməyibsə, ona yeni avtomobil təqdim olunur. Bu səbəbdən də xoşagəlməz hallar, xüsusilə məhkəmə mübahisələri demək olar ki, yaranmır".
Ekspert əlavə edib ki, bununla bağlı Azərbaycanda da nəqliyyat vasitələrinin icarəsi sahəsində özünəməxsus yanaşmalar formalaşmaqdadır: "Lakin bu sahədə beynəlxalq təcrübə ilə ayaqlaşmaq, mövcud mexanizmləri daha müasir tələblərə uyğunlaşdırmaq zəruridir. Nəqliyyat vasitələrinin idarə olunması, ərazi üzrə təminatı və bu sahədə yaranan məsələlərin həlli yolları kompleks şəkildə beynəlxalq standartlara uyğun tənzimlənməlidir. Yalnız bu halda nəqliyyat vasitələrinin icarəsi sahəsində daha mütərəqqi, müstəqil və səmərəli iş prinsipi formalaşa bilər. Əks təqdirdə, müəyyən çatışmazlıqlar qalacaq, problemlər davam edəcək və bu da ümumi sistemin inkişafına mane olacaqdır".
Ayhan
11:05 04.04.2026
Oxunuş sayı: 52