Ürək-damar xəstəlikləri niyə bu qədər gəncləşib?
Son illərdə ürək-damar xəstəlikləri yalnız yaşlıların deyil, gənclərin də sağlamlığını təhdid edən əsas problemlərdən birinə çevrilib.
Mütəxəssislər bu tendensiyanın arxasında həm həyat tərzindəki dəyişikliklərin, həm də qidalanma vərdişlərinin dayandığını bildirirlər. Bu baxımdan, ürək xəstəliklərinin səbəbləri və onların düzgün təsnifatı məsələsi daha da aktuallaşır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-a açıqlamasında ürəyin üç qrup xəstəliyi olduğunu deyib və onları izah edib:
"Bunlardan biri arterial damarlara, yəni tac damarlara aiddir. İkinci kateqoriya ürək sinirlərinə aiddir - aritmiyalar, taxiaritmiyalar və bradiaritmiyalar. Üçüncü isə ürək əzələsinin özünə aiddir.
Bu, xüsusi tip əzələdir. Təsəvvür edin ki, ömrü boyu fəaliyyət göstərən, işləyən bir əzələdir və həqiqətən də bir möcüzədir. Bu əzələnin xəstəliyi isə kardiomiopatiyadır.

Yəni ürək xəstəlikləri bu şəkildə təsnif olunduğundan, yaranan xəstəliklər də fərqlidir. Amma bütövlükdə ürək və damarlarda əsas xəstəliklərdən biri damarların tıxanıqlığı ilə bağlıdır. Bu, müxtəlif səbəblərdən ola bilər- istər aterosklerotik, istərsə də qeyri-aterosklerotik.
Ürək damarlarının tıxanması erkən dövrdə daha çox streslə bağlı olur. Stress nəticəsində ürək damarlarının daxili qişasında çatlar, mikroçatların yaranması baş verir. Daha sonra metabolik dəyişikliklər, xolesterin artıqlığı və onun törəmələrinin “pis” xolesterinin həmin mikroçatlarda çökməsi ilə tədricən ateromlar əmələ gəlir və damar daralır.
Xüsusilə, daim oksigen tələb edən beyin toxuması və ürək əzələsi üçün lazım olan səviyyədə oksigen olmadıqda xəstəliklər yarana bilər. Ürək-damar xəstəliklərinə insult da aiddir. Məlumdur ki, ən çox ölümə səbəb olan xəstəliklər ürək və beyin işemiyasıdır.
Ona görə də, bu xəstəliklərin üzərində xüsusilə dayanmaq lazımdır. Buraya autoimmun mənşəli və digər tip xəstəliklər də daxildir".
Professor əlavə edib ki, ümumi olaraq daha çox ürək və beyin arteriyalarının tıxanması və daralması ilə gedən xəstəliklərə diqqət yetirilməlidir:
"Qəfil ürək dayanmasının əsas səbəblərindən biri də işemiya ilə bağlıdır. Təbii ki, ağciyər arteriyasının tromboemboliyası və digər səbəblər də bunda rol oynayır. Lakin ürək-damar xəstəliklərinin gəncləşməsi ciddi şəkildə qidalanma problemləri ilə də əlaqəlidir.
Mövcud qidaların metabolizmi pozması, bədəndə həddindən artıq trans yağların və həll olunmayan maddələrin damar divarında çökməsi nəticəsində damar divarı və mənfəzi daralır. Bu isə erkən ürək xəstəliklərinə səbəb olur və biz bunu artıq müşahidə edirik.
Bu gün 50 yaşında olan 10 nəfər kişini müqayisə etsək, görərik ki, onlardan təxminən 4-5-də ürəkdə stent və ya digər müdaxilələr aparılıb. Təəssüf ki, bu, artıq reallıqdır. Ürək-damar xəstəlikləri ciddi şəkildə ön plana çıxır, xərçəng də həmçinin".
A.Qeybulla hesab edir ki, gələcəkdə tibb nə qədər inkişaf etsə də, digər tərəfdən həyat tərzimiz də mühüm rol oynayır:
"Zərərli vərdişlər - siqaret çəkmə, bu vərdişin getdikcə artması. Bu gün qadınlar arasında siqaret çəkənlərin sayı kişilərdən geri qalmır. Həmçinin, həddindən artıq alkoqol istehlakı da, xüsusilə qadınlar arasında, kifayət qədər yayılıb. Digər mühüm faktor isə oturaq həyat tərzidir - az hərəkət etmək, çox qida qəbul etmək ürək-damar xəstəliklərinə səbəb olur.
Tənbəlləşmə, fiziki aktivliyin azlığı və digər amillər də bu prosesi sürətləndirir. Bu, artıq qlobal problemdir. Hesab edirəm ki, bunun qarşısını almaq üçün milli proqram hazırlanmalıdır. Bu proqram kütləvi idmandan, maarifləndirmədən başlamalı, eyni zamanda qida təhlükəsizliyi, dərman təhlükəsizliyi və digər vacib məsələləri də əhatə etməlidir".
Fatimə
14:45 03.04.2026
Oxunuş sayı: 3858