Əhali yalnız etibarlı apteklərdən alış-veriş etməyə üstünlük verməlidir - Vətəndaşlara çağırış edildi
Mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 54 aptekdə yoxlamalar aparıb. Məlumata görə, yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Yoxlamalar zamanı aşkar olunan nöqsanlar əczaçılıq sektorunda keyfiyyət və təhlükəsizlik standartlarının tam şəkildə tətbiq olunmaması, aptek işçilərinin peşəkar hazırlığının kifayət qədər olmaması, dərmanların saxlanma və təchizat zəncirində uyğunsuzluqlar, həmçinin bəzi hallarda qeyri-rəsmi tədarük kanallarının istifadə olunması kimi amillərlə bağlıdır. Bu problemlərin aradan qaldırılması üçün davamlı təlim və sertifikasiya proqramlarının tətbiqi, nəzarət mexanizmlərinin gücləndirilməsi, rəqəmsal izləmə sistemlərinin genişləndirilməsi və ictimai maarifləndirmənin artırılması vacib hesab olunur.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin müəllimi Bəhruz Məmmədov Crossmedia.az-a açıqlama verib: "Əsasən, bu tip yoxlamalar əczaçılıq sektorunda, aptek sektorunda daha çox keyfiyyətin və təhlükəsizliyin təmin olunması baxımından aparılır. Çünki keyfiyyətin və təhlükəsizliyin təmin olunması çox vacibdir.
Zatən mart ayında deyil, ondan əvvəlki aylarda da mütəmadi yoxlamalar aparılır. Aparılan yoxlamaların nəticələri əsasən nöqsanların aşkar edilməsi ilə bağlıdır. İlk növbədə apteklərdə normativ hüquqi tələblərin tam şəkildə icra olunmaması və onların praktikaya düzgün tətbiq edilməməsi müşahidə olunur. Ən çox hallar bundan bağlıdır.
Əsasən də regionlarda uyğun kadr hazırlığının və qadr siyasətinin düzgün aparılmaması, davamlı təlimlərin təmin olunmaması və aptek işçilərinin mütəmadi sertifikasiyadan keçməməsi bu problemlərə səbəb olur. Digər tərəfdən, dərmanların saxlanma şəraiti, düzgün temperatur rejiminin riayət olunmaması və qeydiyyat prosesi ilə bağlı uyğunsuzluqlar da müşahidə edilir. Qeydiyyatda olan və olmayan dərmanların satılması, qeyri-leqal yollarla gələn dərmanların dövriyyəsi də əlavə problemlər yaradır".
Ekspert əlavə edib ki, bəzən isə qeyri-rəsmi tədarük kanallarından gətirilən dərmanların satılması bu nöqsanlara səbəb olur: "Aptek sektoru daim rəqabətli bir sahə olduğundan, bəzi obyektlərdə iqtisadi səbəblərdən qaydalara əməl olunmaması da müşahidə olunur. Bu isə əczaçılıq xidmətinin keyfiyyətinə və mənfəətə təsir edən amillərdən biridir. Bu problemlərin aradan qaldırılması əsasən kompleks yanaşma tələb edir və daim Səhiyyə Nazirliyinin nəzarətində olan bir sistemdir. İlk növbədə aptek işçiləri üçün davamlı peşəkar inkişaf proqramları təmin olunmalı, treninqlər və sertifikasiya mexanizmləri gücləndirilməlidir. Həmçinin nəzarət mexanizmləri daha sistemli və şəffaf şəkildə həyata keçirilməlidir. Müntəzəm yoxlamalar həyata keçirilir və dərmanların təchizat zəncirinə nəzarət gücləndirilir. Rəqəmsal izləmə sistemləri artıq tətbiq olunub və bəzi preparatlar üzrə bu sistem təmin edilib. Eyni zamanda, müəyyən kanallarda və kütləvi informasiya vasitələrində ictimai maarifləndirmə də aparılır. Əhali yalnız etibarlı apteklərdən alış-veriş etməyə üstünlük verməli, şübhəli hallarda aidiyyəti qurumlara müraciət etməli və məlumat verməlidir. Nəticədə, yoxlamalar sistemin zəif tərəflərini üzə çıxardığı kimi, keyfiyyətin yüksəlməsində mühüm rol oynayır".
Ayhan
14:13 03.04.2026
Oxunuş sayı: 53