İlk addımı ABŞ atdı: NATO parçalanır?
Ağ Ev rəhbəri Donald Trampın NATO-nu "kağız pələng" adlandıraraq ABŞ-nin Alyansdan çıxmaq imkanını gündəmə gətirməsi, transatlantik təhlükəsizlik memarlığında dərin çatların yarandığını sübut edir. Vaşinqtonun müttəfiqlərini İrana qarşı əməliyyatlarda onu tək qoymaqda ittiham etməsi, NATO daxilindəki hərbi-siyasi həmrəyliyin ciddi böhran keçirdiyindən xəbər verir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, hazırkı administrasiya NATO-nun mövqeyindən ciddi şəkildə narazıdır:
"Tramp administrasiyası NATO-nun mövqeyindən narazıdır. Çünki Alyans ABŞ-ni Yaxın Şərqdəki hərbi-siyasi yükdə tək buraxıb və bir çox hallarda real dəstək göstərmir. Bəzi NATO ölkələrinin ABŞ-nin hərbi əməliyyatlarına məhdudiyyətlər qoyması da gərginliyi artırıb. İtaliya, İspaniya, Fransa kimi ölkələr ABŞ-nin Yaxın Şərqdəki əməliyyatları üçün öz ərazilərindəki hərbi bazalardan istifadəyə tam imkan vermir. Bu da Vaşinqtonda narazılıq yaradır".
NATO-nun ABŞ-dən asılılığı və eyni zamanda ABŞ-nin alyansdakı aparıcı rolu barədə danışan politoloq qeyd edib ki, tərəflər arasında balanslı qarşılıqlı asılılıq mövcuddur: "ABŞ-nin NATO-dan çıxması hüquqi və siyasi baxımdan mürəkkəb prosesdir və yalnız prezidentin qərarı ilə mümkün deyil. Bunun üçün Konqres və Senatın təsdiqi lazımdır. Yəni bu, geniş siyasi razılaşma tələb edən bir prosesdir. Yaxın dövrdə belə bir qərarın reallaşması real görünmür:
"Bu proses qısa müddətdə baş verə bilməz. ABŞ-nin NATO-dan çıxması ehtimalı olsa belə, bunun yaxın zamanda həyata keçməsi çətindir".
Politoloq əlavə edib ki, bu cür bəyanatlar həm də siyasi təzyiq vasitəsi kimi qiymətləndirilə bilər:
"Bu tip açıqlamalar çox vaxt NATO ölkələrinə təzyiq xarakteri daşıyır. Məqsəd müttəfiqləri daha aktiv və məsuliyyətli davranmağa məcbur etməkdir. ABŞ-nin alyansdan çıxması halında NATO-nun qlobal təsir gücü ciddi şəkildə zəifləyə bilər. ABŞ olmadan NATO-nun funksionallığı kəskin azalacaq və uzunmüddətli perspektivdə alyansın dağılma riski belə müzakirə oluna bilər".
Nigar Yahyazadə
13:31 03.04.2026
Oxunuş sayı: 1182