Sərnişin daşımalarında yeni qaydalar - “Kim gəldi sürücü oldu” dövrü bitir
Prezident İlham Əliyev tərəfindən nəqliyyat sahəsində qanunvericiliyə edilən son dəyişikliklər ölkədaxili sərnişin daşımalarının daha təhlükəsiz, şəffaf və peşəkar əsaslarla həyata keçirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir.
Xüsusilə, sürücülərin tibbi vəziyyətinin yoxlanılması, nəqliyyat vasitələrinin texniki nəzarəti, sığorta mexanizmlərinin gücləndirilməsi və peşəkar hazırlıq tələblərinin artırılması bu sahədə uzun müddətdir mövcud olan boşluqların aradan qaldırılmasına xidmət edir.
Yeni qaydalar faktiki olaraq sərnişin təhlükəsizliyinin prioritetə çevrildiyini, xidmət keyfiyyətinin yüksəldilməsinin və məsuliyyət mexanizmlərinin sərtləşdirilməsinin hədəfləndiyini göstərir. Bu isə həm sürücülər, həm daşıyıcı şirkətlər, həm də sərnişinlər üçün daha nizamlı və etibarlı nəqliyyat mühitinin formalaşmasına zəmin yaradır.
Bu kontekstdə əsas sual belə ortaya çıxır: edilən bu dəyişikliklər real praktikada nəqliyyat sektorunda keyfiyyət və təhlükəsizlik baxımından hansı dönüşü yarada biləcək?
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev Crossmedia.az-a açıqlama verib:

"Bu qanun dəyişikliyi ölkədaxili sifarişli sərnişin daşımalarında təhlükəsizlik, şəffaflıq və peşəkarlıq səviyyəsinin ciddi şəkildə artırılmasına xidmət edir və faktiki olaraq bazarda “kim gəldi daşıma fəaliyyəti ilə məşğul ola bilər” yanaşmasına son qoyur.
Əvvəla, sürücülərin narkotik və psixotrop maddələrdən istifadə edib-etməməsinin rəsmi tibbi müayinə ilə təsdiqlənməsi yol hərəkəti təhlükəsizliyi baxımından çox mühüm addımdır, çünki belə risk faktorları birbaşa ağır yol-nəqliyyat hadisələrinə səbəb olur".
Ekspert əlavə edib ki, digər tərəfdən, reysqabağı texniki və tibbi yoxlamaların təşkilinin məcburi hala gətirilməsi həm avtomobillərin saz vəziyyətdə olmasını, həm də sürücünün səhhətinin reysə uyğun olub-olmamasını nəzarətdə saxlayır ki, bu da qəza risklərini minimuma endirən əsas mexanizmlərdəndir:
"Sürücülərin xüsusi hazırlıq keçməsi tələbi isə xidmət keyfiyyətinin artırılması, sərnişinlərlə davranış mədəniyyətinin formalaşdırılması və fövqəladə hallarda düzgün qərarvermə bacarıqlarının inkişafı baxımından böyük əhəmiyyət daşıyır.
Qeyri-müntəzəm daşımalar üçün sığorta mexanizmlərinin məcburi edilməsi isə həm sərnişinlərin, həm də sürücülərin hüquqlarını qoruyan mühüm sosial təminat vasitəsidir, yəni qəza və ya bədbəxt hadisə zamanı zərərin kompensasiyası daha sistemli şəkildə həyata keçiriləcək.
Ümumilikdə bu dəyişikliklər bazarda qeyri-rəsmi və nəzarətsiz fəaliyyət göstərən daşıyıcıların sayını azaldacaq, rəqabəti daha sağlam müstəviyə keçirəcək, vətəndaşların istifadə etdiyi xidmətlərin təhlükəsizliyini və keyfiyyətini yüksəldəcək, eyni zamanda dövlət nəzarət mexanizmlərini gücləndirərək nəqliyyat sektorunda daha intizamlı və məsuliyyətli mühit formalaşdıracaq".
Ayhan
11:41 02.04.2026
Oxunuş sayı: 65