Fermentləşdirilmiş qidalar - fayda və risklər arasında balans necə qorunmalıdır?
Sağlam qidalanma mövzusunda fermentləşdirilmiş məhsullara maraq əhəmiyyətli dərəcədə artmışdır. Bağırsaq mikrobiomuna müsbət təsir göstərən bu qidalar – kimçi, kombuça və turş kələm kimi məhsullar – probiotik tərkibi ilə həzm sisteminin fəaliyyətini dəstəkləyir və ümumi sağlamlığa faydalı hesab olunur.
Lakin bəzi hallarda bu məhsulların tərkibində olan yüksək duz və əlavə şəkər miqdarı ürək-damar sistemi üçün müəyyən risklər yarada bilər.
Bu baxımdan, fermentləşdirilmiş qidaların faydaları ilə yanaşı potensial mənfi təsirlərini də nəzərə almaq, onların istehlakında balanslı və ölçülü yanaşma nümayiş etdirmək xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a bildirib ki, fermentləşdirilmiş qidalar (kimçi, kombuça, turş kələm və s.) bağırsaq mikrobiotası üçün çox faydalıdır — probiotiklər sayəsində həzm, immun sistem və hətta psixoloji vəziyyətə müsbət təsir göstərir.

Amma duz (natrium) və bəzi hallarda əlavə şəkər tərkibi düzgün idarə olunmazsa, ürək-damar sistemi üçün risk yarada bilər. Ona görə balans çox vacibdir.
Ekspert gündəlik istifadədə təhlükəsiz istehlak qaydalarına da toxunub:
“Gündəlik 50-100 qram (təxminən 2-3 xörək qaşığı) kifayətdir. Bu, faydanı təmin edir, amma artıq natrium qəbulunun qarşısını alır. Hər gün eyni növ yox, müxtəliflik olmalıdır. Fermentləşdirilmiş qidaları lifli qidalarla (tərəvəz, tam taxıl) birlikdə qəbul etmək onların effektini artırır və duzun təsirini yumşaldır”.
Fərid Səfərov vurğulayıb ki, hipertoniya və ya ürək problemi varsa, daha da ehtiyatlı olmaq lazımdır.
Məhsul seçərkən diqqət edilməli məqamları açıqlayan ekspert bildirib:
“Etiketdə 100 qramda <800 mg natrium olan məhsullar daha uyğundur. 100 ml-də ≤5 q şəkər olanları seçmək daha yaxşıdır. Tərkibi sadə və təbii olmalıdır: tərəvəz + su + duz + fermentasiya.
Konservant, süni dadlandırıcı və rəngləyici olanlardan uzaq durmaq daha məqsədəuyğundur”.
Ekspert əlavə edib ki, fermentləşdirilmiş qidalar “superfood” kimi təqdim olunsa da, onlar da ölçülü və şüurlu şəkildə istifadə olunmalıdır:
“Əsas məqsəd bağırsağa fayda verərkən ürək-damar sisteminə zərər verməməkdir”.
Mehriban Yariyeva
10:56 02.04.2026
Oxunuş sayı: 99