Zarafatın icazəli olduğu gün - 1 aprel niyə bu qədər sevilir?
1 aprel – Gülüş Günü hər il insanların gündəlik həyatın ciddiyyətindən qısa müddətlik uzaqlaşaraq zarafat, yumor və səmimiyyət vasitəsilə bir-birinə yaxınlaşdığı xüsusi gün kimi qeyd olunur.
Bu günün cazibəsi də məhz buradan qaynaqlanır: insanlar sosial çərçivələri bir qədər yumşaldır, gərginliklərini azaldır və ünsiyyətdə daha rahat, daha açıq olurlar.
Bəs Gülüş Günü niyə bu qədər maraq doğurur?
Çünki bu gün insanlara “icazəli zarafat” imkanı yaradır. Adətən cəmiyyət daxilində mövcud olan status, yaş, vəzifə kimi sərhədlər müəyyən qədər aradan qalxır və insanlar bir-biri ilə daha səmimi münasibət qura bilir.
Eyni zamanda, gülüş psixoloji baxımdan insanın rahatlamasına, stresin azalmasına və ümumi əhval-ruhiyyənin yüksəlməsinə xidmət edir. Məhz bu səbəbdən 1 aprel təkcə əyləncə yox, həm də sosial və psixoloji baxımdan əhəmiyyətli bir gün kimi qəbul olunur.
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a açıqlama verib:

"Bu, əslində pis bir şey deyil, tam əksinə, kifayət qədər normal və hətta faydalı bir haldır. İnsanlar bu gündən istifadə edərək gündəlik gərginliklərini azaldır, bir-biriləri ilə münasibətlərdə yaranan süni sərhədləri müəyyən mənada aradan qaldıra bilirlər.
Çünki cəmiyyətdə çox vaxt statusa, vəzifəyə, yaş fərqinə və digər sosial amillərə görə insanlar arasında görünməz baryerlər formalaşır. Bu gün isə həmin baryerlərin qismən də olsa aradan qalxmasına imkan yaradır.
Əslində bu, müsbət bir haldır ki, heç olmasa ildə bir gün insanlar daha səmimi, daha rahat mühitdə ünsiyyət qururlar. Bu günün mahiyyətinə baxdıqda da görmək olar ki, məhz bu məqsəd üzərində qurulub.
Hətta belə bir yanaşma da var ki, bu gün insanlar arasında müəyyən “sərbəstlik mühiti” yaradılır, yəni zarafat etmək, bir qədər sərhədləri aşmaq mümkün olur və bu da bir növ sosial rahatlama funksiyası daşıyır".
Sosioloq əlavə edib ki, bu günün özü neqativ deyil, əksinə, pozitiv sosial xarakter daşıyır:
"Sadəcə olaraq, hər şeydə olduğu kimi burada da ölçü məsələsi vacibdir. Bu sərbəstlik sui-istifadəyə çevrilməməlidir, insanlar bir-birinə qarşı hörmət çərçivəsini qorumalıdırlar.
Digər tərəfdən, bəzi hallarda bu cür günlər kommersiya məqsədləri üçün də istifadə olunur. Necə ki, digər bayramlarda biznes və ticarət subyektləri müxtəlif kampaniyalar qururlar, bu gündən də müəyyən maraqlar üçün yararlanmağa çalışanlar olur.
Bu isə artıq günün mahiyyətindən bir qədər kənara çıxan məqamdır. Amma ümumi mənada yanaşdıqda, bu gün sosial baxımdan mənfi deyil. Əksinə, insanlar üçün bir növ psixoloji rahatlama imkanı yaradır, onları bir-birinə daha yaxınlaşdırır və gündəlik həyatın sərt çərçivələrindən qısa müddətlik də olsa çıxmağa şərait yaradır".
Ayhan
17:10 01.04.2026
Oxunuş sayı: 51