Qan yaddaşımızın unudulmaması Azərbaycan Prezidentinin ən çox diqqət yetirdiyi məqamlardandır - RƏY
"XVIII əsrdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olub. Onların Azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, şəhər və kəndlərimizin dağıdılması, tarixi adlarının dəyişdirilməsi siyasəti bütün XX əsr boyu da davam edib".
Bu sözləri 31 Mart soyqırımının növbəti ildönümü ərəfəsində Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
O bildirib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir: "Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçiriblər, diri-diri yandırıblar. Erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrimizdə azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək on minlərlə günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 500 mindən çox insan vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub, milli mədəniyyət abidələrimiz dağıdılıb və ya məhv edilib".
Deputat bildirib ki, beynəlxalq hüquqa əsasən, soyqırımı bəşəriyyətin amansız faciəsi, sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli cinayət hesab olunur: "Soyqırımı anlayışının hüquqi mənası 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətlərdir. Bu hərəkətlərə qrup üzvlərinin öldürülməsi, onlara ciddi fiziki və ya psixoloji zərər yetirilməsi, həyat şəraitinin məhvə yönəldilməsi, doğumların qarşısının alınması və uşaqların zorla başqa qrupa verilməsi kimi əməllər daxildir. Konvensiya həmçinin dövlətlərə bu cinayətin qarşısını almaq və günahkarları cəzalandırmaq öhdəliyi də qoyur. Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən tətbiq edilən Roma Statutu da soyqırımını beynəlxalq cinayət kimi tanıyır və bu cinayətə görə fərdi cinayət məsuliyyətini təsbit edir. Bu sənədə əsasən, soyqırımı törədən şəxslər, vəzifəsindən və statusundan asılı olmayaraq, beynəlxalq səviyyədə mühakimə olunmalıdırlar. Azərbaycan Respublikasının milli qanunvericiliyində də soyqırımı cinayəti xüsusi yer tutur. Konstitusiyamız insan hüquq və azadlıqlarının qorunmasını ali məqsəd kimi müəyyən edir və bu hüquqların pozulmasına qarşı dövlətin məsuliyyətini təsbit edir. Bununla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsi soyqırımını, yəni milli, etnik, irqi və ya dini qrupu bütövlüklə və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətləri (qətl, fiziki/əqli qüsurların yetirilməsi, yaşayış şəraitinin qəsdən pozulması və s.) ağır cinayət kimi təsbit edir və bu əməllərə görə ən ciddi cəzalar nəzərdə tutulur. Cinayət Məcəlləsinə görə soyqırımı törədən şəxslərə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Təəssüflər olsun ki, ermənilər tərəfindən azərbaycanlılara
qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər
olsa da, bəşəriyyət əleyhinə olan bu cinayətlərə münasibətdə adekvat reaksiya
verilməyib, Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilib. Onu da
bildirim ki, uzun illərdir Ermənistanın Azərbaycan xalqına qarşı törətmiş
olduğu etnik təmizləmə, soyqırımı cinayətləri ilə bərabər, mədəni irsimizə
qarşı vandalizm aktlarına da hər hansı reaksiyanın verilməməsi dövlətlərə
münasibətdə ayrı-seçkilik və laqeydliyin göstəricisi olmaqla, beynəlxalq
humanitar hüquq prinsiplərinə də ziddir.
Erməni millətçilərinin hərəkətlərinə ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman ermənilərin törədikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün önəmli bir vasitə oldu. Ulu Öndərin Fərmanı həmçinin, tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək, 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi".

15:01 28.03.2026
Oxunuş sayı: 53