Göbələkdən zəhərlənmə riski - göbələk yeyərkən bu qaydalara əməl edin!
Son zamanlar qida təhlükəsizliyi ilə bağlı baş verən hadisələr bir daha göstərir ki, gündəlik istehlak etdiyimiz məhsullara qarşı diqqətli olmaq həyati əhəmiyyət daşıyır.
Tərtər rayonunun Şıxarx qəsəbə sakininin kafedə yediyi göbələkdən zəhərlənməsi isə xüsusilə, göbələk kimi riskli qida məhsullarının düzgün seçilməsinin və hazırlanmasının nə qədər vacib olduğunu gündəmə gətirir.
Bəs görəsən, göbələk alarkən və ya yeyərkən hansı məqamlara diqqət edilməlidir ki, bu cür təhlükəli halların qarşısı alınsın?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlama verib:
"Göbələkdən zəhərlənmələrin qarşısını almaq üçün diqqət edilməli bir neçə əsas məqam var: Tanınmış və etibarlı mənbədən alın. Göbələkləri yalnız bazarda və ya dükanlarda, tanınmış və etibarlı satıcılardan alın.

Meşədən topladığınız göbələklər çox vaxt zəhərli ola bilər. Göbələyin növünü dəqiq tanı. Hər bir göbələk növü təhlükəsiz deyil. Bənzər görünən zəhərli göbələklər də mövcuddur, buna görə yalnız yaxşı tanınan və təcrübəli şəxslərin təlimatına əsaslanaraq yeyin".
Ekspert əlavə edib ki, göbələk alarkən onun təzə olmasına və ümumi vəziyyətinə baxın:
"Solmuş, köhnə və ya çürümüş göbələklər mədə-bağırsaq pozğunluqlarına səbəb ola bilər. Doğru emal et. Göbələkləri yaxşıca yuyun, qaynadın və ya qızardın. Xam yeyilməsi bəzi növlər üçün təhlükəlidir. Miqdarına diqqət et. İlk dəfə yeni növ göbələk yeyirsənsə az miqdarda sınamaq məsləhətdir, çünki bəziləri həzm sistemində narahatlıq verə bilər. Kafe və restoranlarda yeyərkən ehtiyatlı olmaq lazımdır. Açıq və tanınmış yerlərdə yemək göbələyin düzgün saxlanmasını və hazırlanmasını təmin etmək baxımından önəmlidir. Göbələk seçimi, təmizliyi, düzgün bişirilməsi və etibarlı mənbədən alınması zəhərlənmə riskini xeyli azaldır".
Ayhan
13:38 26.03.2026
Oxunuş sayı: 54