WhatsApp-da yeni təhlükə: Saxta kampaniyalar şəxsi məlumatlarınızı oğurlayır
Dünən insanlara Whatsap vasitəsilə göndərilən link problem yaradıb.
Belə ki, Azərbaycanın tanınmış supermarketlərindən birinin adı ilə kampaniya təqdim olunur və linkə daxil olub hədiyyə qazanma şərtləri yerinə yetirilməsi tələb olunur.
Lakin supermarket rəsmi səhifəsində məlumat yayıb ki, onlar tərəfindən belə bir link yoxdur. Belə hallarda insanlar aldadılır və onların şəxsi məlumatları oğurlana bilər.
Linkə daxil olan istifadəçilərdən telefon nömrələri, şəxsi məlumatlar və bəzən bank hesab məlumatları tələb edilə bilər.
Bu cür saxta kampaniyalarla vətəndaşların məlumatlarını ələ keçirmək və onları aldadaraq maddi itkiyə uğratmaq məqsəd qoyulub.
İstifadəçilərdən tövsiyə olunur ki, belə linklərə daxil olmadan əvvəl rəsmi mənbələrdən dəqiqləşdirmə aparsınlar və heç bir şəxsi məlumatı paylaşmasınlar.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhlükəsizlik eksperti İlkin Məmmədkərimov bildirib ki, hazırda əksər bankların, sığorta şirkətlərinin və süpermarketlərin adına saxta linklər yaradaraq istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməyə cəhd edirlər:

"İnsanların bank hesablarındakı vəsaitlərin, eyni zamanda şəxsi məlumatların ələ keçməsi halları müşahidə olunur.
Bunun üçün istifadəçilər birinci növbədə hansı saxta sayta daxil olduqlarına fikir versin, həmin şirkətin rəsmi saytına daxil olub-olmadıqlarını yoxlasınlar.
Təəssüf ki, əsasən bölgələrdə insanlar bu məsələlərə fikir vermirlər, linklərə diqqət etmədikləri üçün belə hallar baş verir. İnsanların diqqətsizliyi nəticəsində bank hesablarından vəsaitlərin ələ keçirilməsi, eyni zamanda şəxsi məlumatların ələ keçməsi halları müşahidə olunur".
Ekspertin sözlərinə görə, istifadəçilər ilk növbədə linklərin həqiqətən həmin şirkətin rəsmi saytına aid olduğunu yoxlamalıdırlar və eyni zamanda əlavə dəqiqləşdirmələrini öyrənməlidirlər:
"Vətəndaşlar, həmçinin, şirkətlərlə əlaqə saxlayaraq, belə bir kampaniyanın həqiqətən keçirilib-keçirilmədiyini linkə daxil olmadan əvvəl dəqiqləşdirmək mümkündür. Çünki hər bir şirkətin öz müştəri xidmətləri var, eyni zamanda supermarket şəbəkələrinin çağrı mərkəzləri də var ki, zəng edib onlardan dəqiqləşdirmək olar.
Əgər onlar təsdiqləsələr ki, belə bir kampaniya keçirilir və bu, onların rəsmi saytına məxsus linkdirsə, o zaman istifadəçilər linkə daxil olaraq həmin kampaniyada iştirak edə bilərlər.
Bundan başqa, istifadəçilər şirkətlərin televiziyalarda reklamlarını izləyərək mövcud kampaniyalardan xəbərdar ola bilərlər".
Fatimə
12:44 25.03.2026
Oxunuş sayı: 51