Uşaqlar niyə tez böyüyür? - psixoloqdan narahatedici açıqlama
Bəzən elə mənzərələrlə qarşılaşırıq ki, insan təəccüblənməyə bilmir. Hələ 5-6 yaşı olan uşaqlar makiyaj edir, süni dırnaqlara maraq göstərir, telefon qarşısında özlərini təqdim etməyə çalışırlar.
Sanki uşaqlar tez böyüməyə tələsirlər. Bu hal getdikcə daha çox yayılır və artıq adi bir hal kimi qəbul olunmağa başlayır.
Halbuki, bu yaş dövrü uşağın sadə, qayğısız və oyun dolu illəri olmalıdır. Uşaqlar isə sanki öz yaşlarını yox, daha böyük insanların həyatını yaşamağa çalışırlar.
Bəzən bu, sadəcə maraq kimi görünsə də, əslində uşaqlığın özünəməxsus təbii axarının dəyişdiyini göstərir. Uşaq olmaq əvəzinə böyüməyə tələsmək isə gələcəkdə fərqli təsirlər yarada bilər.
Psixoloq Aysu Həsənova Crossmedia.az-a mövzu ilə bağlı açıqlama verib:

"Bəzi uşaqların özlərini yaşlarından böyük kimi aparması ilk baxışda sadəcə davranış kimi görünür, amma əslində bu, uşağın iç dünyasından gələn bir mesajdır. Uşaq sanki deyir: məni gör, məni ciddiyə al, mən kifayət qədər böyüyəm.
Psixologiyada buna bəzən “adultification” (uşağın erkən böyüməyə məcbur qalması) deyilir. Yəni uşaq emosional olaraq yaşına uyğun olmayan bir rol götürür. Bu isə təsadüfi yaranmır.
Ən böyük təsir ailədən gəlir. Əgər uşaq evdə tez-tez tənqid olunursa, fikirləri ciddiyə alınmırsa ya da əksinə, ona yaşından böyük məsuliyyətlər yüklənirsə,bu zaman uşaq belə bir qərar verir: “Deməli, məni qəbul etmələri üçün böyüməliyəm”.
Bu artıq onun adaptasiya forması olur. Yəni uşaq özünü qorumaq üçün böyük roluna girir. Bəzən də valideynlər fərqində olmadan uşağı “kiçik böyük” kimi yetişdirir. Məsələn, ona deyirlər: “Sən artıq böyüksən, ağlama, böyüklər ağlamaz!”.
Bu cümlələr uşağın emosiyalarını sıxışdırır və onda belə bir inanc yaradır: “Duyğularımı göstərmək zəiflikdir".
Psixoloq sosial şəbəkələrin də bu prosesi sürətləndirdiyini vurğulayıb:
"Uşaqlar TikTok və Instagram kimi platformalarda idealizə olunmuş böyük həyatları görürlər. Makyaj, münasibətlər, həyat tərzi və düşünürlər ki, normal olmaq üçün mən də belə olmalıyam. Erkən yaşda bu cür kontentə məruz qalmaq uşaqlarda sosial müqayisə və şəxsiyyət qarışıqlığı yaradır. Uşaq hələ kim olduğunu anlamamış, kim olmaq istədiyini kopyalamağa başlayır. Ən incə nöqtə isə budur:
Uşaq əslində böyümək istəmir. O, sadəcə özünü yetərli hiss etmək istəyir. Əgər bir uşaq tez böyüyürsə, bu onun güclü olmasından çox, bəzən məcbur qalmasından xəbər verir. Düşünürəm ki, sağlam inkişaf üçün uşaq uşaqlığını yaşamalıdır. Çünki uşaqlıq tələsdirildikdə, böyüklükdə o itirilmiş hisslər geri qayıdır, amma bu dəfə daha ağır şəkildə.
Bu mövzu çox həssasdır. Çünki biz bəzən “tərbiyə edirik” deyərkən, əslində uşağın təbii inkişafını sürətləndiririk. Halbuki, uşağa verilə biləcək ən böyük şey onun yaşına uyğun qalmasına icazə verməkdir".
Fatimə Məmmədova
10:54 24.03.2026
Oxunuş sayı: 56