Sükan arxasında ölüm oyunu - trend yoxsa təhlükə?
Son zamanlar sosial mediada sürücülərin yol gedərkən öz videolarını çəkib paylaşmaları geniş müşahidə olunur.
Musiqi sədaları altında selfi çəkərək avtomobil idarə edənlər yalnız öz həyatlarını deyil, yoldan keçən piyadaların da təhlükəsizliyini risk altına qoyurlar.
Belə hallar yol-nəqliyyat qəzalarının artmasına səbəb olur və hüquq-mühafizə orqanları bu vərdişə qarşı xəbərdarlıqlar edir. Lakin diqqətsizlik və sosial media alışqanlığı birləşdikdə, sürücülər üçün ölümcül təhlükə yaranır.
Qeyd edək ki, yol hərəkətində məsuliyyət hər zaman ön planda olmalıdır, çünki bir anlıq diqqətsizlik ciddi faciələrə gətirib çıxara bilər. Sosial media əyləncədir, amma sürücülük təhlükəsizlik tələb edir – bu, hər kəs üçün xatırlanmalı qanundur.
Nəqliyyat eksperti Adil Nəbiyev bu barədə Crossmedia.az-a danışıb.

O deyib ki, maşın sürərkən mobil telefonla video çəkmək sürücünün diqqətini bir neçə istiqamətə bölərək, ən təhlükəli davranışlardan birinə çevrilir:
"Çünki sürücülük zamanı əsas olan yol şəraiti, digər nəqliyyat vasitələri, piyadalar və yol nişanlarıdır. Lakin telefonla video çəkilişi zamanı sürücü həm ekrana baxmalı, həm kadrajı tənzimləməli, həm də bəzən emosional reaksiya verməli olur ki, bu da diqqətin yayındırılmasına, reaksiya vaxtının gecikməsinə və qəfil vəziyyətlərə adekvat cavab verə bilməməsinə səbəb olur.
Belə ki, bu davranış xüsusilə yüksək sürətdə hərəkət zamanı daha risklidir, çünki saniyələr içində baş verən hadisələrə gec reaksiya ağır yol-nəqliyyat hadisələrinə gətirib çıxara bilər. Məsələn, qarşıdakı avtomobilin qəfil əyləcləməsi, piyadanın yola çıxması və ya yolun sürüşkən olması kimi hallar sürücüdən tam diqqət tələb edir.
Lakin telefonla məşğul olan sürücü bu dəyişiklikləri gec fərq edir və nəticədə qəza riski kəskin şəkildə artır.
Əlavə olaraq, bir əlin sükan üzərindən ayrılması idarəetməni zəiflədir, bu isə xüsusilə dönmə, ötmə və ya manevr zamanı avtomobilin stabilliyini pozur və qəza ehtimalını yüksəldir".
Ekspert vurğulayıb ki, belə davranış yol hərəkəti təhlükəsizliyinə yalnız sürücü üçün deyil, həm də sərnişinlər və digər yol iştirakçıları üçün ciddi təhlükə yaradır:
"Çünki bir sürücünün diqqətsizliyi zəncirvari qəzalara səbəb ola bilər. Gənc sürücülər arasında video çəkmək vərdişinin geniş yayılmasının əsas səbəblərindən biri sosial şəbəkələrin təsiridir. Ona görə ki, bir çox gənc izləyici toplamaq, diqqət çəkmək və “trend”ə qoşulmaq məqsədilə sükan arxasında video paylaşmağa meylli olur, bu isə riskli davranışı normallaşdırır və təhlükəni ikinci plana keçirir.
Həmçinin, təcrübəsizlik və risklərin tam dərk edilməməsi də bu davranışın yayılmasında mühüm rol oynayır. Bəzi hallarda gənclər təhlükənin nəticələrini real qiymətləndirmir və “mənə heç nə olmaz” düşüncəsi ilə hərəkət edir ki, bu da psixoloji olaraq riskli qərarların verilməsinə gətirib çıxarır".
A.Nəbiyevin fikrincə, bu problemin qarşısını almaq üçün ilk növbədə maarifləndirmə gücləndirilməlidir. Yəni sürücülərə real qəza nümunələri, statistika və nəticələr göstərilməli, xüsusilə, gənclər arasında təhlükəsiz sürücülük mədəniyyəti təşviq olunmalıdır:
"Eyni zamanda qanunvericilik çərçivəsində nəzarət və cərimələr sərtləşdirilməli, yol polisi tərəfindən belə halların aşkarlanması artırılmalıdır.
Texnoloji həllər də effektiv ola bilər, məsələn, avtomobildə “hands-free” sistemlərdən istifadə, sürücülük zamanı telefonun avtomatik məhdudlaşdırılması və ya “sürüş rejimi” funksiyalarının aktiv edilməsi diqqət yayındıran faktorları azalda bilər.
Bundan əlavə, valideynlər və cəmiyyət gənclərə nümunə olmalı, məsuliyyətli davranış formalaşdırmalı və sosial şəbəkələrdə təhlükəli davranışları təşviq edən kontentlərin qarşısı alınmalıdır.
Çünki təhlükəsizlik hər hansı qısa video və ya sosial mediada populyarlıqdan daha dəyərlidir və sükan arxasında hər bir qərar insan həyatına birbaşa təsir edir".
Fatimə Məmmədova
10:30 24.03.2026
Oxunuş sayı: 92