23 Mart – Ümumdünya Meteorologiya Günü: Hava və iqlim elminin önəmi
Hər il martın 23-ü dünyada Ümumdünya Meteorologiya Günü kimi qeyd olunur. Bu günün qeyd edilməsi Dünya Meteorologiya Təşkilatının yaradılması ilə bağlıdır. Belə ki, 1950-ci il martın 23-də təşkilatın konvensiyası qüvvəyə minib və bu tarixdən etibarən meteorologiya sahəsində beynəlxalq əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. 1961-ci ildən başlayaraq isə bu tarix rəsmi şəkildə beynəlxalq gün kimi qeyd olunmağa başlanıb.
Meteorologiya atmosferdə baş verən prosesləri, hava hadisələrini və iqlim dəyişikliklərini öyrənən mühüm elmi sahədir. Bu elm yalnız gündəlik hava proqnozlarının hazırlanması ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətin müxtəlif sahələrində mühüm rol oynayır. Müasir dövrdə meteoroloji müşahidələr peyklər, radar sistemləri və qlobal məlumat şəbəkələri vasitəsilə həyata keçirilir. Bu texnologiyalar sayəsində hava haqqında məlumatlar operativ şəkildə toplanır, təhlil olunur və ictimaiyyətə təqdim edilir. Meteorologiyanın əhəmiyyəti xüsusilə təbii fəlakətlər zamanı daha qabarıq şəkildə hiss olunur. Güclü yağıntılar, qasırğalar, quraqlıq və digər ekstremal hava hadisələri böyük iqtisadi itkilərə və insan həyatına ciddi təhlükələrə səbəb ola bilər. Bu baxımdan meteoroloqlar tərəfindən hazırlanmış erkən xəbərdarlıq sistemləri mühüm əhəmiyyət daşıyır. Belə sistemlər təhlükəli hava hadisələrini əvvəlcədən müəyyən etməyə və insanların vaxtında tədbir görməsinə imkan yaradır.
Müasir dünyada iqlim dəyişiklikləri və qlobal istiləşmə problemləri meteorologiya elminin əhəmiyyətini daha da artırır. Temperatur artımı, buzlaqların əriməsi, su ehtiyatlarının azalması və ekstremal hava hadisələrinin sayının artması bu sahədə aparılan tədqiqatların vacibliyini göstərir. Dünya Meteorologiya Təşkilatı hər il bu problemlərə diqqət çəkmək üçün xüsusi mövzu müəyyən edir və beynəlxalq səviyyədə müzakirələr təşkil edir.
Meteorologiya iqtisadiyyatın bir çox sahələri ilə də sıx bağlıdır. Kənd təsərrüfatında əkin və məhsul yığımının planlaşdırılması, aviasiyada uçuş təhlükəsizliyi, dəniz nəqliyyatında risklərin azaldılması və enerji sektorunda istehsalın tənzimlənməsi birbaşa hava şəraitindən asılıdır. Bu səbəbdən meteoroloji xidmətlər həm insanların gündəlik həyatında, həm də ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır.
Bu gün münasibətilə ekoloq İlqar Xəlilov Crossmedia.az-a açıqlama verib:

"1961-ci ildən 23 mart Ümumdünya Meteorologiya günü kimi qeyd olunur. Azərbaycan respublikası da 1993- cü ildən Ümumdünya Meteorologiya Təşkilatının üzvlərindən biridir. Meteoroloqlar hava, iqlim, su problemləri haqqında qabaqcadan məlumat verməklə təsərrüfat sahələrini və əhalini təbii iqlim, təhlükəli hava məlumatı, su ehtiyatlarının səmərəli istifadə edilməsi haqqında qabaqcadan xəbərdarlıq etməklə məşğuldur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya departamentinin kollektivini bu münasibətilə təbrik edirəm. Onların qabaqcadan verdiyi məlumatlar və proqnozlar hava, iqlim və sudan qaynaqlanan fövqaladə halların qarşısının alınmasında mühüm rol oynayır".
Fatimə Məmmədova
12:00 23.03.2026
Oxunuş sayı: 1227