İşıqforlarda saniyə ölçən olmasa, qəzalardan qaçmaq mümkünmü? - ekspert rəyi
Son dövrlərdə Bakıda işıqforlarda saniyəölçən tabloların mərhələli şəkildə ləğv edilməsi ictimai müzakirələrə səbəb olub.
Daxili İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açıqlamasına görə, bu addım sürücülərin riskli davranışlarının qarşısını almaq məqsədi daşıyır.
Bildirilir ki, saniyəölçənlər olduqda bəzi sürücülər yaşıl işığın bitməsinə az vaxt qaldığını görüb sürəti artırır, bu isə qəza və piyadavurma hallarının artmasına səbəb olur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlama verib:
"Burada əsas məqam ondan ibarətdir ki, nəqliyyat vasitələri üçün müəyyən saniyə ölçülərinin tətbiqi birbaşa hərəkət təhlükəsizliyi ilə bağlıdır. Lakin məsələnin mahiyyəti daha dərindir.

Bəzən sürücülər düşünürlər ki, bir neçə saniyə qazanmaqla daha böyük nəticə əldə edə bilərlər və bu səbəbdən sürəti artırırlar. Halbuki, bu yanaşma ciddi risklər yaradır. Xüsusilə də, sarı tor və ya sarı xətlərlə işarələnmiş ərazilərə daxil olarkən vəziyyət daha da həssas olur. Bu zaman sürücülər yaxınlaşan və ya uzaqlaşan nəqliyyat vasitələrini düzgün qiymətləndirməlidir".
Ekspert həmçinin qeyd edib ki, digər tərəfdən, sürücülər işıqforun qırmızı işığının yanma müddətinin azaldığını gördükdə, tez bir zamanda yolu boşaltmağa çalışırlar: "Bu isə bəzən tələsik və təhlükəli qərarların verilməsinə səbəb olur.
Ona görə də, belə hallarda bütün bu amillər mütləq nəzərə alınmalıdır. Daha diqqətli davranmaqla mümkün qəza və faciəvi risklərin qarşısını almaq mümkündür.
Hesab edirəm ki, bu sahədə mütəmadi monitorinqlər aparılmalı, konkret ərazilər və zaman aralıqları üzrə problemlər araşdırılmalı və mövcud səhvlər müəyyən edilərək aradan qaldırılmalıdır. Bu cür yanaşmaya ciddi ehtiyac var".
Ayhan
14:12 19.03.2026
Oxunuş sayı: 45