ABŞ ciddi dilemma ilə üz-üzədir - RƏY
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts ölkəsinin İranda quru əməliyyatının keçirilməsini mümkün hesab etdiyini açıqlayıb. Bu, regiondakı hərbi-siyasi gərginliyin hələ də yüksək səviyyədə olduğunu və ABŞ-nin İrana qarşı strategiyasını yalnız hava zərbələri ilə məhdudlaşdırmaqla kifayətlənmədiyini göstərir.
Hərbi ekspertlərin fikrincə, belə bir əməliyyatın həyata keçirilməsi ciddi risklər daşıyır, çünki İran böyük əhali və geniş hərbi-siyasi potensiala malikdir. ABŞ üçün quru əməliyyatı həm insan itkisi, həm də regional və qlobal siyasi nəticələr baxımından mürəkkəb addım ola bilər. Lakin mümkün hesab edilməsi onu göstərir ki, Vaşinqton bütün ssenariləri nəzərdən keçirir və əməliyyatın məqsədlərinə çatmaq üçün müxtəlif variantlara hazırdır.
Bu açıqlama həm də ABŞ-nin regiondakı mövqeyini gücləndirməyə, müttəfiqlərinə və rəqiblərinə öz potensial imkanlarını nümayiş etdirməyə hesablanmış mesaj kimi qiymətləndirilir.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Crossmedia.az-a açıqlama verib: "Bu, kifayət qədər risklidir. İranın təxminən doxsan milyon əhalisi var. Bundan əlavə, təxminən bir milyona yaxın İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı müxtəlif hərbi və yarımhərbi qüvvələr mövcuddur. Bu isə o deməkdir ki, belə bir miqyasda əməliyyatın aparılması ciddi risklər yaradır. Təbii ki, belə bir prosesdə ABŞ hərbçiləri də itkilər verə bilər. Lakin daha çox ehtimal olunan ssenari genişmiqyaslı quru əməliyyatı deyil, daha məhdud və ünvanlı hərbi addımların atılmasıdır. Məsələn, müəyyən strateji ərazilərin – adaların, limanların və enerji təchizatı obyektlərinin nəzarətə götürülməsi kimi variantlar mümkündür. Bu, xüsusilə İranın daha da zəiflədiyi halda gündəmə gələ bilər.
Amma ABŞ-nin vaxtilə İraq və Əfqanıstanda həyata keçirdiyi kimi genişmiqyaslı quru əməliyyatlara başlaması ehtimalı yüksək görünmür. Bunun əsas səbəbi isə belə bir addımın çox böyük itkilərə və uzunmüddətli hərbi-siyasi problemlərə yol aça bilməsidir. Digər tərəfdən, ABŞ hazırda ciddi bir dilemma ilə üz-üzədir: yalnız hava zərbələri ilə İrandakı mövcud rejimi tam şəkildə təslim etdirmək mümkün deyil. Hətta müəyyən zəifləmə və ya idarəetmədə boşluq yaransa belə, bu, avtomatik olaraq təslimiyyət demək deyil. Rejimin tam çökdürülməsi üçün daha konkret və praktiki addımların atılması tələb oluna bilər ki, bu da quru əməliyyatı ehtimalını gündəmə gətirir. Lakin yenə də vurğulamaq lazımdır ki, quru əməliyyatı ABŞ üçün ciddi insan itkisi və siyasi risklər deməkdir. Bu səbəbdən, hazırkı mərhələdə ən real ssenari hava zərbələrinin və məhdud hərbi əməliyyatların davam etməsidir".
Ayhan
15:20 18.03.2026
Oxunuş sayı: 68