Yanacaq xərcləri artıb: Bu nədən xəbər verir?
Azərbaycanda pərakəndə ticarət sektorunda satış həcmlərinin artımı müşahidə olunmaqdadır. Xüsusilə avtomobil benzini və dizel yanacağının satışında qeydə alınan artım ölkədə istehlak səviyyəsinin yüksəldiyini və nəqliyyat sektorunda aktivliyin davam etdiyini göstərir.
Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar–fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara yüz milyonlarla manat dəyərində yanacaq satılıb. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım nümayiş etdirir və ümumi pərakəndə ticarət dövriyyəsində yanacaq məhsullarının müəyyən paya malik olduğunu təsdiqləyir.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Azərbaycan əhalisinin yanacaq xərclərinin təxminən 6 faizə yaxın artması ilk baxışda paradoksal görünə bilər. Çünki son illərdə elektrikli avtomobillərə maraq artır, dövlət tərəfindən müəyyən güzəştlər tətbiq olunur və bu nəqliyyat vasitələrinin sayında tədricən artım müşahidə edilir. Lakin reallıq göstərir ki, ümumi yanacaq xərclərinin artması bir neçə paralel amilin təsiri ilə formalaşır və bu proses elektrikli avtomobillərin yayılması ilə hələ balanslaşmır.
Əvvəla, ölkədə avtomobil parkının ümumi sayı sürətlə artır. Hər il minlərlə yeni nəqliyyat vasitəsi qeydiyyata alınır və onların böyük əksəriyyəti hələ də daxili yanma mühərrikli avtomobillərdir. Elektrikli avtomobillərin sayı artsa da, onların ümumi payı hələ ki, çox aşağıdır və bu artım yanacaq istehlakına ciddi təsir edəcək səviyyəyə çatmayıb. Yəni bazarda əsas yük yenə benzin və dizel istifadə edən avtomobillərin üzərində qalır. Digər mühüm faktor nəqliyyat sıxlığı və tıxacların artmasıdır. Böyük şəhərlərdə, xüsusilə Bakıda avtomobillərin sıxlığı səbəbindən sürücülər daha çox vaxtı yolda, hərəkətsiz və ya aşağı sürətlə keçirirlər. Bu isə yanacaq sərfiyyatını ciddi şəkildə artırır. Avtomobil hərəkət etməsə belə, mühərrik işlək vəziyyətdə qalır və bu da əlavə xərclərə səbəb olur. Nəticədə, eyni məsafəyə əvvəlkindən daha çox yanacaq sərf edilir. Eyni zamanda, yanacaq qiymətlərində baş verən dəyişikliklər də ümumi xərclərə birbaşa təsir göstərir. Qiymətlərdə hətta cüzi artım belə, geniş istifadə fonunda ümumi xərclərin yüksəlməsi ilə nəticələnir. Bu, xüsusilə gündəlik avtomobildən istifadə edən sürücülər üçün daha qabarıq hiss olunur".
O, əlavə edib ki, regionlararası hərəkətin və iqtisadi aktivliyin artması da yanacaq istehlakını yüksəldən amillərdəndir: "İnsanlar daha çox səyahət edir, yük daşımaları artır, logistika sektoru genişlənir. Bütün bunlar yanacaq tələbini artırır və nəticədə ümumi xərclər yüksəlir. Elektrikli avtomobillərin artmasına baxmayaraq, onların yayılmasını məhdudlaşdıran səbəblər də qalmaqdadır. İnfrastrukturun, yəni şarj məntəqələrinin sayının hələ kifayət qədər geniş olmaması, bu avtomobillərin ilkin alış qiymətinin nisbətən yüksək olması və bəzi istifadəçilərdə formalaşmış psixoloji tərəddüdlər elektrikli nəqliyyatın daha sürətli yayılmasına mane olur. Bu səbəbdən, elektrikli avtomobillərin artımı yanacaq bazarında hələ ki, ciddi azalma xərclərinin artması elektrikli avtomobillərin çoxalması ilə ziddiyyət təşkil etmir. Sadəcə olaraq, elektrikli nəqliyyatın bazardakı payı hələ ki, ənənəvi avtomobillərin yaratdığı ümumi istehlakı kompensasiya edəcək səviyyədə deyil. Əksinə, avtomobillərin sayının artması, tıxaclar, iqtisadi fəallıq və qiymət faktorları yanacaq xərclərinin yüksəlməsinə daha güclü təsir göstərir. Bu tendensiyanın dəyişməsi üçün elektrikli nəqliyyatın payının əhəmiyyətli dərəcədə artması və paralel olaraq nəqliyyat sistemində optimallaşdırıcı addımların atılması vacibdir".

İqtisadçı - ekspert Rəşad Həsənov da məsələyə münasibət bildirib: "Yanacaq xərclərinin artmasını şərtləndirən əsas amil nəqliyyat vasitələrinin sayının sürətlə çoxalmasıdır. Son illərdə ölkəyə idxal olunan avtomobillərin strukturunda hibrid, plug-in hibrid və elektromühərrikli nəqliyyat vasitələrinin xüsusi çəkisi artsa da, avtoparkın ümumi genişlənməsi hələ də yanacaq tələbatını artıran başlıca faktor olaraq qalır. Təkcə 2025-ci ildə ölkəyə 123 min yeni nəqliyyat vasitəsi idxal edilmişdir. Ümumilikdə, son beş ildə nəqliyyat vasitələrinin sayı orta hesabla illik 5,8 faiz artmış və 2025-ci ilin sonunda ölkə üzrə avtopark ilk dəfə olaraq 2 milyona çatmışdır. Bu artım, təbii olaraq, yanacaq xərclərinin yüksəlməsinə səbəb olmuşdur. Burada söhbət əsasən ekstensiv (kəmiyyət üzrə) genişlənmədən gedir: avtopark böyüyür, fərdi nəqliyyat vasitələrinin sayı artır və onlardan istifadə meyli hələ də yüksək olaraq qalır.
Elmir Heydərli
15:03 17.03.2026
Oxunuş sayı: 45