Su böhranı qapıda - Azərbaycan üçün kritik xəbərdarlıq edilir
Azərbaycanda su ehtiyatlarının sürətlə azalması ciddi narahatlıq doğurur.
Ekspertlər xəbərdarlıq edir ki, bu tendensiya davam edərsə, ölkədə gələcəkdə su qıtlığı ilə üzləşmək qaçılmaz ola bilər.
Şəhər və kənd ərazilərində su istifadəsi ilə bağlı məhdudiyyətlər gündəmə gələ bilər. Hökumət və aidiyyəti qurumlar bu problemin qarşısını almaq üçün təcili tədbirlər görməlidir. Ölkə vətəndaşları artıq hər damcı suyunu qənaətlə istifadə etməyə çağırılır.
Ekoloq İlqar Xəlilov Crossmedia.az-a açıqlamasında Azərbaycanın Qafqaz regionunda su ehtiyatları baxımından kasad ölkə olduğunu qeyd edib:

"Hər kvadrat kilometrdə bir nəfərə düşən suyun miqdarı qonşu ölkələrdən 2-7 dəfə azdır. Əsas su mənbələri çay suları, şirin sulu göllər, yeraltı sular və dağ buzlaqlarıdır. Müasir dövrdə iqlim dəyişikliyi düşən yağıntının miqdarını azaltmışdır. Bu da çayların suyunun azalmasına, yeraltı suların səviyyəsinə mənfi təsir göstərir.
Bununla yanaşı, ölkə əhalisinin sayının artması, iqtisadiyyatın genişləndirilməsi, suvarma sistemlərinin yarıtmaz vəziyyəti su ehtiyatlarının azalmasına səbəb olur.
Azərbaycanın illik suya olan tələbatı 11-12 milyard kubmetrdir. Həmin suyun 70 faizdən çoxu suvarmaya sərf olunur. Torpaq kanallarda hər il 3 milyard kubmetr su itkisinə yol verilir. İri sənaye şəhərlərində köhnə magistral su borularında tez -tez baş verən qəzalar da su itkisinə səbəb olur".
Ekoloq, bütün bunları nəzərə alaraq bəzi tədbirlərin həyata keçirilməsini zəruri hesab edir:
"Ən çox istifadə edilən çay sularının çirklənməsinin qarşısını almaq. Bu vəziyyət daha çox transsərhəd çayları üçün xarakterikdir. Həmin çaylar əsasən Ermənistan və Gürcüstan ərazisində çirkləndirir.
Ölkə əzazisində su ehtiyatlarını toplayıb saxlamaq üçün su anbarlarının sayını artırmaq. Əkinçilikdə damcı suvarma sistemləri, sənayedə isə qapalı dövriyyə su sistemi yaratmaq. İşlənmiş, çirklənmiş suların təmizlənməsi və suvarmada istifadəsinin təmin edilməsi. Dəniz suyunun duzsuzlaşdırarak istifadə edilməsi. Yeraltı suların istifadə edilməsini artırmaq. Su ehtiyatlarının idarə edilməsini təkmilləşdirmək. İqlim təsirini azaltmaq və su ehtiyatlarının mühafizəsi üçün yaşıllıqların sahəsinin artırılması. Bütün bu qeyd edilən tədbirlər azalmaqda olan su ehtiyatlarının səmərəli istifadə edilməsi üçün zəruri hesab olunur".
Fatimə
13:40 17.03.2026
Oxunuş sayı: 57