Falçılığa görə həbs mümkündürmü? - hüquqşünas açıqladı
Avropanın inkişaf etmiş ölkələrində falçılıq və qeyri-tibbi üsullarla müalicə geniş yayılıb və bu fəaliyyətlərə heç bir qadağa yoxdur.
Bəzi ölkələrdə falçıların öz televiziya kanalları da fəaliyyət göstərir. Bəzi insanlar bildirirlər ki, qadağalar bu sahədə təsir göstərmir. İnsanlar istədikləri halda falçılıq vasitəsilə gələcəklərini görə, müalicələrini isə qeyri-tibbi üsullarla həyata keçirə bilərlər. Dövlət isə bu fəaliyyətləri yalnız vergilərin toplanması və şəffaflığın təmin edilməsi baxımından tənzimləyir.
Hüquq elmləri doktoru Vüsalə Əhmədova mövzu ilə bağlı Crossmedia.az-a danışıb.
O bildirib ki, falçılıq və qeyri-tibbi üsullarla müalicə fəaliyyəti Azərbaycan qanunvericiliyində ayrıca tənzimlənmir. Lakin, bəzi fəaliyyət növləri var ki, hüquqi məsuliyyət yaradır:

"Qanunvericiliyimizdə rəsmi olaraq qeydiyyatdan keçən xidmət növlərinin siyahısı var. Daha aydın izah etsək, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanunu lisenziya və icazə tələb olunan fəaliyyət növlərini müəyyən edir.
Qanunun 2 nömrəli əlavəsində lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı, 3 nömrəli əlavəsində isə sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı yer alır.
Məsələn, "falçılıq" fəaliyyəti bu siyahıya daxil deyil, yəni dolayısıyla, rəsmi peşə və ya sahibkarlıq fəaliyyəti kimi hüquqi statusa malik deyil. Əgər falçılıq adı altında insanlardan pul alınarsa və ya insanlar yalan vədlərlə aldadılarsa, bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə müvafiq olaraq dələduzluq kimi qiymətləndiriləcək və cinayət məsuliyyəti yaradacaq.
Aldatma və ya etibardan sui-istifadə yolu ilə özgənin əmlakını ələ keçirmə dələduzluq deməkdir. Belə olan halda, şəxsin hətta 2 ildən 7 ilə qədər azadlıqdan məhrum edilməsi mümkündür. Falçılıq fəaliyyəti çox vaxt məhz, bu maddə ilə qiymətləndirilir.
Misal üçün, hər-hansı bir şəxs "magiya ilə xəstəliyi sağaltacağı" adı altında kimdənsə pul alır və nəticə isə əldə olunmursa, hüquq mühafizə orqanları bunu aldatma yolu ilə pul əldə etmə kimi qiymətləndirəcək. Yəni, hüquqi baxımdan problem falçılığın özündə deyil, aldatma yolu ilə pul əldə etməkdədir".
V.Əhmədova qeyd edib ki, qeyri-tibbi üsullarla müalicəyə gəlincə, Azərbaycan qanunvericiliyində tibbi fəaliyyət növləri ciddi şəkildə lisenziyalaşdırılır:
" "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna görə, yalnız tibbi təhsili və diplomu olan şəxslər tibbi fəaliyyətlə məşğul ola bilərlər. Eləcə də, tibbi xidmətlər lisenziya əsasında göstərilməlidir.
Bu o deməkdir ki, tibbi təhsili olmayan şəxslərin xəstəliyi diaqnoz etməsi və ya müalicə aparması qanunsuz hesab olunur.
O cümlədən, Cinayət Məcəlləsinin 142-ci maddəsinə müvafiq olaraq, tibbi təhsili və ya lisenziyası olmayan şəxslərin praktik tibbi fəaliyyətlə məşğul olması və bunun nəticəsində insan sağlamlığına zərər vuruması cinayət hesab olunur.
Bu maddə məhz, alternativ müalicə ilə bağlı əsas hüquqi baza sayılır və qeyri-ənənəvi üsullarla müalicə fəaliyyətini faktiki olaraq çox ciddi məhdudlaşdırır.
Məsələn, qanuna əsasən, "bioenerji ilə müalicə" və ya "ruhani müalicə" kimi xidmətlər göstərən şəxslərin fəaliyyəti qanunsuz tibbi fəaliyyət kimi qiymətləndiriləcək.
Bu cür fəaliyyətlər 1 ilə qədər azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması ilə nəticələnə bilər.
Lakin onu da qeyd edim ki, qanunvericilikdə "xalq təbabəti" anlayışı mövcuddur. "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 50-ci maddəsinə görə, xalq təbabəti xalq ənənələrində formalaşmış, lakin rəsmi tibb elmi tərəfindən qeydiyyata alınmamış sağaltma, profilaktika, müayinə və müalicə üsullarıdır.
Məsələn, fitoterapiya, sınıqçılıq, türkəçarə üsulları və s. Xalq təbabəti ilə məşğul olmaq üçün də, müvafiq lisenziya və qeydiyyat tələb olunur. Belə bir icazə olmadan fəaliyyət göstərmək, o cümlədən də, kütləvi müalicə seansları aparmaq qanunsuz hesab edilir".
Müsahibin fikrincə, falçılıq və qeyri-tibbi üsullarla müalicə fəaliyyətinin qanuniləşdirilməsi teorik olaraq mümkündür:
"Bunun üçün, fəaliyyət növü sahibkarlıq fəaliyyətlərinin siyahısına daxil edilməli, lisenziyalaşdırma mexanizmi yaradılmalı, vergi və sahibkarlıq qaydaları müəyyən edilməli və ən önəmlisi, istehlakçıların aldadılmasına qarşı mexanizm qurulmalıdır. Bu isə artıq qanunvericilik siyasəti məsələsidir.
Məsələn, ABŞ-da falçılıq federal səviyyədə qadağan deyil, bir çox ştat və şəhərlərdə lisenziya ilə fəaliyyət göstərən biznes sahəsi kimi tanınır. Bəzi şəhərlərdə falçılar və ya tarot oxuyanlar yerli biznes lisenziyası ilə fəaliyyət göstərə bilirlər. Bir çox ştatlarda isə sadəcə ümumi sahibkarlıq fəaliyyəti kimi qeydiyyat tələb olunur.
Bir çox Avropa ölkəsində də, falçılıq tam qadağan deyil, lakin, qanunda "yalnız əyləncə məqsədli xidmət" (for entertainment purposes only) olaraq qeyd edilir.
Həmçinin, Türkiyədə falçılıq açıq şəkildə ayrıca fəaliyyət növü kimi tənzimlənməsə də, astrologiya, tarot, enerji və spirituallıq xidmətləri gəlir gətirən xidmətlər kimi vergi sisteminə daxil edilmişdir".
Fatimə
13:28 17.03.2026
Oxunuş sayı: 61