Qəzaların azalması üçün deputatdan orijinak təklif - Ekspert münasibət bildirdi
Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması məsələsi Milli Məclisdə yenidən müzakirə mövzusu olub. Parlamentdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı çıxış edən Milli Məclisin deputatı Tahir Rzayev paytaxtda tıxac probleminin azaldılması istiqamətində müəyyən addımlar atılsa da, mövcud vəziyyətin hələ də tam həllini tapmadığını bildirib.
Deputatın sözlərinə görə, tıxacların aradan qaldırılması üçün piyadaların yolu keçmə qaydalarına da müəyyən dəyişikliklərin edilməsi müzakirə oluna bilər. O qeyd edib ki, hər bir piyadaya görə avtomobillərin dərhal saxlaması düzgün yanaşma deyil və müəyyən sayda insanların yol kənarında toplaşmasından sonra keçidə icazə verilməsi kimi yanaşmalar məsələnin həllinə töhfə verə bilər.

Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Adil Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Qaydalara əsasən sağa və ya sola dönəndə piyadalara yol verməyə borcluyuq. Ancaq piyadaların düz yolayırıcında keçməsi ciddi problem yaradır çox vaxt. Yəni sürücü dönmə əməliyyatını tam yerinə yetirmədən, avtomobil yoluna düzəlmədən "kor nöqtəyə" düşür. Şüşənin hər iki tərəfindəki bağlı hissə görməyə mane olur və nəticədə piyada vurulur. Piyada ilə sürücü üçün işıqforun eyni zamanda yanması ciddi problemlər yaradır. "Nəriman Nərimanov metrostansiyasının qarşısında bu problemi həll ediblər- piyada keçəndə avtomobillər avtomobillər keçəndə isə piyadalar dayanır. Bunu hər yerdə tətbiq etmək lazımdır. Piyada keçidləri yolayrıcından müəyyən qədər məsafədə olsa problemlər. Əslində beynəlxalq yol hərəkəti qaydalarına və təhlükəsizlik prinsiplərinə nəzər saldıqda, əksər ölkələrdə piyadalar yol hərəkətinin ən həssas və qorunmalı iştirakçısı hesab olunur. Buna görə də bir çox ölkələrdə piyada keçidlərində avtomobillərin dayanması məhz qanunla tələb olunur.
Məqsəd isə sadədir- insan həyatının qorunması. Azərbaycan qanunvericiliyində də bu prinsip mövcuddur. Yol hərəkəti haqqında qanuna əsasən sürücülər nizamlanan və ya nizamlanmayan piyada keçidlərində piyadalara yol verməlidirlər. Yəni sürücünün avtomobili saxlaması əslində qaydanın pozulması deyil, əksinə, təhlükəsizlik tələbinin yerinə yetirilməsi sayılır. Lakin bəzi hallarda problem başqa məqamdan qaynaqlanır. Bəzən piyadalar müəyyən olunmuş keçidlərdən istifadə etmir və yolun istənilən yerindən keçməyə çalışırlar. Bu zaman sürücülərin qəfil dayanması arxadan gələn avtomobillər üçün də risk yarada bilər. Nəticədə həm sürücü, həm də piyada üçün təhlükəli vəziyyət formalaşır. Yol təhlükəsizliyi həm sürücülərin, həm də piyadaların qaydalara riayət etməsindən asılıdır. Bu problemin həlli üçün bir neçə istiqamətdə addımların atılması vacib hesab olunur: Piyada keçidlərinin sayının artırılması və daha görünən edilməsi, yerüstü və yeraltı keçidlərin daha əlçatan qurulması, piyadalar üçün maarifləndirmə kampaniyalarının keçirilməsi, qaydaları pozan piyadalar və sürücülər üçün nəzarətin gücləndirilməsi, eyni zamanda şəhər infrastrukturunun düzgün planlaşdırılması da mühüm rol oynayır. Çünki bəzən insanlar keçidlərdən istifadə etməməsinin əsas səbəbi onların uzaqda yerləşməsi və ya əlverişsiz olmasıdır. Yol təhlükəsizliyində əsas prinsip insan həyatının qorunmasıdır. Bu baxımdan piyada keçidində avtomobilin dayanması bir çox ölkələrdə normal və zəruri davranış sayılır. Əsas məsələ isə sürücü və piyadaların qarşılıqlı şəkildə qaydalara riayət etməsi və yol hərəkəti mədəniyyətinin formalaşmasıdır".
Elmir Heydərli
12:15 16.03.2026
Oxunuş sayı: 117