Bakının dərdi var: Yağış paytaxtı iflic vəziyyətinə qoyur
Son illər Bakıda və xüsusilə Abşeron yarımadasının bir sıra ərazilərində güclü yağışlar ciddi problemlərə səbəb olur. İnfrastrukturun yetərincə inkişaf etməməsi, drenaj və kanalizasiya sistemlərinin çatışmazlığı nəticəsində bir çox küçə və yaşayış məntəqələri qısa müddətdə su altında qalır. Milli Məclisin deputatı Fazil Mustafa da bu məsələyə diqqət çəkərək bildirib ki, Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat istiqamətində sanki göl yaranır.
Bəs görəsən, bu problemin kökündə hansı səbəblər dayanır və uzun illərdir insanları narahat edən bu vəziyyətdən çıxış yolu nə ola bilər? Mövcud vəziyyəti aradan qaldırmaq üçün hansı iqtisadi və sosial mexanizmlər tətbiq edilməlidir?

Mövzu ilə bağlı sosioloq, ekoloq Elçin Bayramlı Crossmedia.az-a açıqlama verib: "Təxminən son 30 ildən artıqdır ki, Bakı və Abşeron zonasında əhalinin hədsiz sıxlaşması prosesi gedir. Bu müddət ərzində saysız-hesabsız binalar, fərdi evlər və müxtəlif obyektlər tikilib. Lakin bu tikinti prosesi çox sürətli şəkildə aparılsa da, buna adekvat olaraq kanalizasiya sistemləri, su drenaj sistemləri, kiçik arx və kanallar şəbəkəsi qurulmayıb. Digər tərəfdən, bəzi ərazilərdə qrunt suları, yeraltı sular və hətta dəniz suları yer səthinə çox yaxındır. Bir çox yerlərdə bu sular kiçik göllər formasında üzə çıxırdı. Lakin həmin ərazilər süni şəkildə qurudularaq tələsik şəkildə insanlara satıldı və orada evlər tikildi. Beləliklə, bu ərazilərdə kəndlər, qəsəbələr və yeni məhəllələr salındı, yaşayış sahələri sürətlə genişləndi. Amma yağışlar yağanda və su axınları hərəkət edəndə ciddi problemlər yaranmağa başladı. Nəzərə alsaq ki, bu zonanın böyük hissəsində torpaq əsasən gil qatından ibarətdir və onun su keçirmə qabiliyyəti digər bölgələrlə müqayisədə xeyli aşağıdır. Bu səbəbdən yağan yağış suları torpağa az hopur.
Üstəlik, ərazilərin böyük hissəsini evlər, obyektlər və asfalt örtüklər tutur. Belə olduqda yağış sularının toplanacağı və axacağı istiqamətlər olmalıdır. Lakin bu istiqamətlər düzgün planlaşdırılmadığı üçün sular müəyyən çökəkliklərdə toplanır. Torpağın su keçirmə qabiliyyəti də zəif olduğuna görə hopma baş vermir və nəticədə böyük süni göllər yaranır.
Bu vəziyyət bir çox ərazilərdə müşahidə olunur. Əsas səbəb isə vaxtında düzgün planlaşdırmanın aparılmamasıdır. Bir dövrdə bu sahələr bələdiyyələrin səlahiyyətinə verilmişdi. Lakin bələdiyyələr bu məsələyə elmi yanaşma sərgiləmədilər, onların nə kifayət qədər ixtisaslı mütəxəssisləri var idi, nə də uzunmüddətli planlaşdırma aparıldı".
Sosioloq əlavə edib ki, torpaqlar sadəcə olaraq ev tikintisi və obyektlər üçün satıldı: "Nəticədə xaotik tikintilər, plansız layihələr və nizamsız məhəllələr meydana gəldi. Yaşayış sahələri ucu-bucağı bilinmədən genişləndi. Bu məhəllələrin heç birində sistemli su təminatı, kanalizasiya və drenaj sistemləri qurulmadı. Sadəcə evlər və obyektlər tikildi. Bütün bunların nəticəsində bu gün müşahidə etdiyimiz problemlər ortaya çıxıb. Artıq bu problemin həlli çox çətin bir mərhələyə gəlib çatıb. Çünki çox geniş ərazilərdə evlər tikilib, məhəllələr salınıb, kənd və qəsəbələr böyüyüb. Demək olar ki, bütün Abşeron yarımadası yaşayış məntəqələrinə çevrilib. İndi bu ərazilərdə yenidən kanalizasiya və drenaj sistemlərinin qurulması, su axınlarının idarə olunması, yağış və yeraltı suların istiqamətləndirilməsi çox böyük maliyyə vəsaiti, ciddi əmək və böyük texniki imkanlar tələb edir. Çünki bu sistemlər evlər tikilərkən paralel şəkildə qurulmalı idi. Həmin dövrdə yaranmış xaotik tikinti və torpaq satışları nəticəsində vəziyyət olduqca mürəkkəbləşdi. Məlumata görə, Bakıda təxminən yarım milyona yaxın sənədsiz tikili mövcuddur. Küçələr çox dar və sıx şəkildə salınıb. Bir çox yerlərdə küçələr o qədər dardır ki, oradan nəinki drenaj sistemi çəkmək, hətta iki avtomobilin rahat hərəkəti belə mümkün olmur. Bu səbəbdən problemin həlli indi çox çətin görünür. Bununla belə, Bakının Baş planında nəzərdə tutulan layihələr həyata keçirilsə və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişaf proqramları ardıcıl şəkildə icra olunsa, müəyyən irəliləyiş əldə etmək mümkündür. Hazırda dövlət səviyyəsində bu istiqamətdə müəyyən layihələr həyata keçirilir. Doğrudur, görüləsi işlərin həcmi çox böyükdür. Çünki söhbət onlarla qəsəbə və kənddən, çox geniş ərazilərdən gedir. Buna baxmayaraq, proses artıq başlayıb və bu işlər planlı və sistemli şəkildə davam etdirilməlidir. Digər tərəfdən, əhali artımı dayanmayıb və davam edir. Bakı və Abşeron zonasında yaşayış məntəqələri genişlənir, yeni evlər tikilir. Bu isə mövcud problemlərin daha da kəskinləşməsinə səbəb olur.
Məhz buna görə də həm Bakının Baş planı çərçivəsində, həm də Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişaf proqramları vasitəsilə bütün Bakı-Abşeron zonasını əhatə edən vahid və sistemli kanalizasiya və drenaj sistemlərinin qurulması zəruridir. Bundan əlavə, toplanan yağış sularından səmərəli şəkildə istifadə etmək də mümkündür. Bu sular toplanaraq müxtəlif sənaye obyektlərində, zavodlarda, avtoyuma məntəqələrində, yaşıllaşdırma və suvarma işlərində istifadə edilə bilər. Sadəcə olaraq bu məsələlər planlı, elmi əsaslarla hazırlanmış proqramlar çərçivəsində həyata keçirilməlidir. Çünki Abşeron yarımadasında əhali sıxlığı çox yüksəkdir. Əgər bu sistemlər qurulmasa, bu cür problemlər gələcəkdə daha tez-tez baş verəcək və daha böyük fəsadlar yaradacaq. Artıq bu gün bir çox məhəllələrdə və evlərdə su basması halları müşahidə olunur. Həyətlər su altında qalır. Gil qatlı torpaq isə yağış sularını kifayət qədər hopdura bilmir. Buna görə də heç olmasa yağış sularının toplanması və istiqamətləndirilməsi üçün xüsusi sistemlər qurulmalıdır. Müxtəlif kanallar və yönləndirici xətlər vasitəsilə bu suların təhlükəsiz şəkildə dənizə və ya xüsusi su toplama məntəqələrinə yönəldilməsi mümkündür. Hər hansı formada bu məsələ həll edilməlidir ki, gələcəkdə vəziyyət daha da kəskinləşməsin".
Ayhan
12:02 16.03.2026
Oxunuş sayı: 56