Əlac umduğumuz dərmanlar öldürür?!
Bakıda dərman zəhərlənməsi ilə bağlı ölüm hadisəsi qeydə alınıb.Paytaxt sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, 1960-cı il təvəllüdlü Tofiq Allahverdi oğlu Məmmədov yaşadığı Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 33, mənzil 25-dən dərmandan zəhərlənmə şübhəsi ilə tibb müəssisəsinə aparılıb. Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
Son zamanlar dərmandan zəhərlənmələr artıb. Xəstəliklərimizə əlac gözlədiyimiz dərmanlar əcəlimizə çevrilir. Niyə?
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Əslində bu, kifayət qədər ciddi bir hadisədir. Çünki məsələ dərman qəbulu ilə əlaqələndirilir, lakin konkret olaraq nə baş verdiyi məlum deyil. Hansı dərmanın qəbul edildiyi, həmin dərmandan sonra hansı proseslərin baş verdiyi barədə dəqiq məlumat yoxdur.
Digər tərəfdən, həmin şəxs üzərində autopsiya aparılmayıb və ölümün səbəbi dəqiqləşdirilməyib. Heç bir elmi və ya məhkəmə-tibbi tədqiqatın aparılmaması vəziyyəti daha da qeyri-müəyyən edir. Halbuki dərman qəbulundan sonra müxtəlif hallar baş verə bilər: təzyiq düşə və ya yüksələ bilər, beyində qan dövranı pozula bilər, şəkər səviyyəsi enə bilər və sair. Bu kimi ehtimallar çoxdur və konkret səbəbi araşdırmadan qəti fikir söyləmək doğru olmaz.
Əgər, həqiqətən də, sözügedən hadisə dərman qəbulundan sonra zəhərlənmə ilə bağlıdırsa, bu artıq kriminal xarakter daşıyan bir məsələdir. Belə olan halda isə mütləq məhkəmə-tibbi ekspertizasının rəyi olmalıdır. Təşrih materialları, yəni yarılma nəticələri təqdim edilməlidir. Hazırda isə bu materiallar ortada yoxdur. Buna görə də bu mövzuda qəti danışmaq müəyyən qədər mücərrəd xarakter daşıyır.
Demirəm ki, belə hallar ümumiyyətlə mümkün deyil və ya baş vermir. Lakin onları sübuta yetirmək üçün mütləq şəkildə məhkəmə-tibbi ekspertizasının rəyi olmalıdır. Yalnız bundan sonra bu məsələ ilə bağlı hüquqi iddialar qaldırmaq mümkündür.
Məsələ sadəcə mətbuatda aparılan müzakirələrlə yekunlaşmamalıdır. Bu, çox ciddi bir problemdir və istənilən şəxs belə bir vəziyyətlə qarşılaşa bilər. Ona görə də hesab edirəm ki, qəfil ölüm və ya zəhərlənmə ehtimalı olan bütün hallarda mütləq autopsiya aparılmalıdır. Dünyasını dəyişmiş şəxs yarılmalı, təşrih olunmalı və ölümün səbəbi dəqiq araşdırılmalıdır. Yalnız bundan sonra həkimlər olaraq biz bu məsələ ilə bağlı əsaslandırılmış rəy verə bilərik".
Elmir Heydərli
11:57 11.03.2026
Oxunuş sayı: 51