Hərbçilərə yeni dəstək paketi – maaş və müavinətlər arta bilər
Hərbçilərə tutduqları vəzifəyə və hərbi rütbələrə görə ödənilən maaşın artırılması təklif olunur.
Müvəqqəti mənzil kirayəsi üçün ödənilən kompensasiyanın da real qiymət artımı nəzərə alınaraq artırılması planlaşdırılır. Birinci Qarabağ müharibəsindən Vətən müharibəsinə qədər və 2016, 2020 və 2023-cü il döyüşlərində iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi vacib hesab olunur.
Müddətli həqiqi hərbi qulluqçuların uşaqlarına ödənilən müavinət ölkə üzrə yaşayış minimumuna uyğunlaşdırılacaq. Həmçinin, qiyabi təhsil alanlara çağırışa möhlət verilməsi üçün qanuna müvafiq dəyişiklik təklif edilir.
Bu barədə Crossmedia.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki davamlı olaraq müxtəlif addımlar atılır, şəhidlərin və əlillərin xeyrinə qanunverici təşəbbüslər irəli sürülür:

"Bütün bu təşəbbüslər əhəmiyyətlidir və iqtisadi baxımdan da layiqdir. Hesab edirəm ki, bu məsələyə diqqət yetiriləcək. Həmçinin, bütün məsələlər təhlil olunur və nəticələr əsasında qərarlar qəbul edilir.
Məsələn, 2016-cı il döyüşlərində iştirak etmiş şəxslərə şəhid statusu verilməsi, dərəcəsi dəyişmiş şəxslərin və digər iştirakçıların da müvafiq status alması məsələsi araşdırılır".
Ekspertin fikrincə, döyüşlərdə göstərilən qəhrəmanlıqlar da nəzərə alınır və biz Türkiyə modelini öyrənmişik:
"Türkiyədə genişmiqyaslı müharibə olmasa da, kiçik toqquşmalarda şəhid olmuş şəxslərə şəhidlik, əlil olmuşlara əlillik statusu verilir. Müharibə iştirakçısı isə “qazi” kimi tanınır. Sonuncusu Kıbrıs döyüşlərində iştirak edənlərdir. Bizdə də müharibə qaziləri var; gələcəkdə bu məsələlərə diqqət yetiriləcək. Azərbaycan Prezidenti hər zaman şəhidlərin, əlillərin, veteranların və qazilərin xeyrinə addımlar atır. Hesab edirik ki, gələcəkdə də bu istiqamətdə ardıcıl və mühüm addımlar atılacaq".
Fatimə Məmmədova
16:16 10.03.2026
Oxunuş sayı: 58