Ölüm gözlə - qaş arasındadır: Elektrikdən özünüzü qoruyun!
Lənkəran rayonunda elektrik cərəyanı vurması ilə nəticələnən hadisə baş verib. Hadisə zamanı 52 yaşlı kişi ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib. Elektrik cərəyanı vuran şəxs dərhal xəstəxanaya çatdırılıb və hazırda həkimlərin nəzarəti altında müalicəsi davam etdirilir.
Oxşar bədbəxt hadisələr son zamanlar çox artıb.
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Ümumiyyətlə, binalarda mütləq şəkildə torpaqlama sistemi olmalıdır və bu sistem formal xarakter daşımamalıdır. Təəssüf ki, köhnə binaların bir çoxunda torpaqlama ya ümumiyyətlə mövcud deyil, ya da sadəcə formal səviyyədədir. Halbuki torpaqlama sistemi xüsusilə fən, qabyuyan maşın, kombi və digər elektrik cihazlarına mütləq şəkildə tətbiq edilməlidir. Eyni zamanda çalışmaq lazımdır ki, üç dişli elektrik yuvalarından istifadə olunsun. Adətən biz bu yuvaları standart elektrik rozetkaları və ya elektrik girişləri kimi tanıyırıq. Üç dişli rozetkalarda üçüncü diş məhz torpaqlama funksiyasını yerinə yetirir və təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.

Bununla yanaşı, elektrik şəbəkəsində qoruyucu qurğuların tətbiqi də vacibdir. Bu qurğular RCD – yəni Residual Current Device adlanır. RCD sistemi elektrik lövhəsində quraşdırılır və hər hansı cərəyan sızması baş verdiyi halda qısa müddət ərzində elektrik enerjisini şəbəkədən ayırır. Adətən insan həyatı üçün nəzərdə tutulan qoruyucular 30 milliamper həssaslığa malik olur. Əgər bu kimi təhlükəsizlik tədbirləri görülməzsə, ciddi risklər yarana bilər. Xüsusilə elektrik qurğularının yaxınlığında su və ya nəm mühitin olması təhlükəni ikiqat artırır. Bu səbəbdən yaş əllərlə elektrik şəbəkəsinə toxunmaq olmaz, hamam otaqlarında isə açıq uzatma kabellərindən istifadə qətiyyən yolverilməzdir. Su ilə işləyən cihazlar üçün ayrıca avtomat və ya RCD xətti nəzərdə tutulmalıdır".
O bildirib ki, hamam otaqlarında quraşdırılan elektrik yuvaları mütləq IP qoruma dərəcəsinə uyğun olmalıdır: "Bu standart suya və rütubətə qarşı qorunmanı təmin edir. Həmçinin nasaz və ya izolyasiyası zədələnmiş naqillərdən istifadə etmək qəti şəkildə yolverilməzdir. Belə hallar həm uşaqlar, həm də böyüklər üçün elektrik vurması təhlükəsi yarada bilər. Uşaqların təhlükəsizliyi də xüsusi diqqət tələb edir. Bunun üçün rozetkalarda qoruyucu qapaqlar olmalı, aşağı səviyyədə açıq naqillər yerləşdirilməməlidir. Sadəcə uşağa “toxunma” deməklə kifayətlənmək olmaz; mütləq fiziki qoruma tədbirləri də görülməlidir".
Elmir Heydərli
15:29 10.03.2026
Oxunuş sayı: 46