Artıq hər kəs “psixoloq” ola bilməyəcək – yeni nəzarət mexanizmi hazırlanır
Azərbaycanda reabilitasiya mərkəzlərinin fəaliyyətinə ciddi nəzarət planlaşdırılır: özəl mərkəzlər yalnız xüsusi icazə ilə işləyə biləcək və onların fəaliyyəti müntəzəm yoxlanışdan keçiriləcək.
Eyni zamanda, psixi sağlamlıq sahəsində ixtisası olmayan şəxslərin internet və sosial şəbəkələr üzərindən məsləhət və seans keçirməsinin qarşısını almaq üçün yeni mexanizmlər hazırlanması nəzərdə tutulur.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, psixoloq Elnur Rüstəmov Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda reabilitasiya və psixi sağlamlıq sahəsi insanın fiziki və psixoloji rifahı ilə birbaşa bağlı olan çox həssas bir sahədir:

"Bu səbəbdən belə xidmətlərin hüquqi çərçivədə, peşəkar standartlara uyğun və dövlət nəzarəti altında həyata keçirilməsi son dərəcə vacibdir. Xüsusilə, son illər psixoloji xidmətlərə və reabilitasiya proqramlarına cəmiyyətin marağı artdıqca bu sahənin tənzimlənməsi məsələsi daha aktual xarakter alır.
Azərbaycan Respublikasında psixoloji yardımın göstərilməsi məsələləri Psixoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Həmin qanuna əsasən, psixoloji yardım yalnız müvafiq ixtisas təhsili olan və peşə hazırlığına malik mütəxəssislər tərəfindən göstərilməlidir.
Qanunda qeyd olunur ki, psixoloji yardımın məqsədi insanın psixi sağlamlığının qorunması, psixoloji problemlərin aradan qaldırılması və fərdin sosial adaptasiyasının gücləndirilməsidir. Bu baxımdan psixoloji yardım ciddi peşəkar fəaliyyət sahəsi hesab olunur və bu sahədə fəaliyyət göstərən şəxslər həm etik normalara, həm də peşə standartlarına riayət etməlidirlər".
E.Rüstəmov əlavə edib ki, reabilitasiya xidmətləri isə daha geniş məzmun daşıyır və təkcə psixoloji deyil, həm də tibbi və sosial komponentləri əhatə edə bilər:
"Bu səbəbdən reabilitasiya mərkəzlərinin fəaliyyəti adətən xüsusi icazə və ya lisenziya mexanizmləri ilə tənzimlənir və müvafiq dövlət qurumlarının nəzarəti altında olur. Xüsusilə, sağlamlıqla bağlı xidmətlərin göstərildiyi mərkəzlərin fəaliyyətinin nəzarətsiz qalması həm xidmət alan şəxslərin təhlükəsizliyi, həm də xidmətin keyfiyyəti baxımından ciddi risklər yarada bilər.
Digər tərəfdən, son illər sosial şəbəkələr və internet platformaları vasitəsilə psixoloji məsləhət və müxtəlif “terapiya seansları” adı altında xidmətlərin təklif olunması halları da geniş yayılıb.
Bu sahədə əsas problemlərdən biri odur ki, bəzi hallarda bu xidmətlər psixologiya üzrə peşə hazırlığı olmayan şəxslər tərəfindən təqdim edilir.
Belə hallarda insanların psixoloji vəziyyətinə yanlış müdaxilələr edilə bilər və bu da problemin daha da ağırlaşmasına səbəb ola bilər.
Psixoloji müdaxilə elmi biliklərə və etik standartlara əsaslanan peşəkar fəaliyyət sahəsidir və bu sahədə qeyri peşəkar yanaşmalar insanın psixi sağlamlığı üçün risk yarada bilər.
Bu baxımdan psixi sağlamlıq sahəsində xidmət göstərən şəxslərin peşə hazırlığına, ixtisasına və fəaliyyət standartlarına dair mexanizmlərin gücləndirilməsi mühüm məsələdir.
Eyni zamanda reabilitasiya və psixoloji xidmət göstərən özəl mərkəzlərin fəaliyyətinin hüquqi əsaslarla tənzimlənməsi, onların fəaliyyətinə müntəzəm nəzarət mexanizmlərinin formalaşdırılması cəmiyyətin maraqları baxımından vacibdir. Bu, həm xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, həm də vətəndaşların hüquqlarının qorunmasına xidmət edir.
Ümumilikdə, psixi sağlamlıq sahəsi yalnız tibbi və psixoloji məsələ deyil, həm də sosial təhlükəsizlik və ictimai rifah məsələsidir.
Ona görə də, bu sahədə fəaliyyət göstərən qurumların və mütəxəssislərin fəaliyyəti elmi əsaslara, peşə etikası prinsiplərinə və qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil olunmalıdır.
Bu istiqamətdə dövlət nəzarəti ilə yanaşı peşəkar psixoloq cəmiyyətinin də məsuliyyəti böyükdür. Cəmiyyətə təqdim olunan psixoloji xidmətlərin keyfiyyəti və təhlükəsizliyi bu iki istiqamətin balanslı şəkildə işləməsindən asılıdır".
Fatimə Məmmədova
12:33 10.03.2026
Oxunuş sayı: 50