Bakıda dərman zəhərlənməsi faciə ilə bitdi - Həkimlərdən ciddi xəbərdarlıq
Son zamanlar dərmanlarını düzgün qəbul etməyən şəxslər arasında zəhərlənmə halları artıb.
Bakıda 1960-cı il təvəllüdlü Tofiq Allahverdi oğlu Məmmədov dərman qəbul etdikdən sonra xəstəxanaya çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ekspertlər vurğulayır ki, dərmanları düzgün istifadə etməmək ciddi risklərə səbəb olur. Qeyd edək ki, ötən illə müqayisədə belə halların sayında artım müşahidə olunur.
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib:

"Dərman zəhərlənməsi, ilk növbədə insanların özləri tərəfindən baş verə bilər. Yəni insan dərmanı yanlış dozada və ya yüksək miqdarda qəbul edirsə, zəhərlənmə riski yaranır.
Digər tərəfdən dərman düzgün dozada təyin olunarsa, problem yaranmır. Məsələn, dərman daxilə qəbul edilirsə, mədədə sorulması və bütün mexanizmlərin düzgün işləməsi vacibdir. Sonra dərman bədənə yayılır, müxtəlif orqanlara çatır, qara ciyərdə metabolizə olunur və axırda xaric edilir.
Əgər dərman həkimsiz qəbul edilirsə və düzgün çevrilmirsə, qaraciyər və ya böyrəkdə xəstəlik varsa, dərmanın bədəndən xaric olması azalır. Bu zaman dərman bədəndə toplanır və zəhərlənməyə səbəb olur".
A.Əliyevin sözlərinə görə, normal şəraitdə, dərman keyfiyyətli və vaxtı keçməmişdirsə, zəhərlənmə riski olmur:
"Əgər dərmanın tərkibi dəyişdirilibsə, bu artıq həkimsiz müdaxilədir. Əsas problem düzgün qəbul edilməməsidir, buna görə də dərman həmişə həkim vasitəsilə qəbul edilməlidir. Azərbaycanda artıq elektron resept sistemi fəaliyyət göstərir. Elektron reseptdə həkimin və xəstənin məlumatları, diaqnozlar, yazılan dərmanlar, dərmanın firması, ölkəsi və qiyməti göstərilir. Bu sistemin tam tətbiqi həkimsiz zəhərlənmələrin qarşısını alacaq.Apteklərdə saxlanan dərmanlar zəhərlənməyə səbəb olmur, lakin həkimin göstərişinə əməl etməmək və dərmanı düzgün istifadə etməmək halları zəhərlənməyə səbəb ola bilər. Ən əsası, həkimsiz dərman qəbul etmək düzgün deyil".
Fatimə Məmmədova
11:19 10.03.2026
Oxunuş sayı: 66