Nəzarətsiz sosial şəbəkə uşaqlar üçün risk yaradır – Sosioloq
Sosial şəbəkələrdə uşaqların nəzarətsiz istifadəsi ciddi problemlərə yol aça bilər. Valideynlərin və müvafiq qurumların diqqəti olmadan uşaqların təhlükəli məzmunla qarşılaşması onların psixikasına və davranışına mənfi təsir göstərə bilər.
Bu səbəbdən monitorinqlərin aparılması və məhdudlaşdırıcı tədbirlərin tətbiqi vacib hesab olunur. Ombudsman bu istiqamətdə qanunvericilikdə dəyişikliklərin edilməsini də tövsiyə edir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Naib Niftəliyev belə tədbirlərin məqsədəuyğun və ardıcıl, sistemli şəkildə aparılmalı olduğunu bildirib:

"Burada hansı məhdudlaşdırıcı amillərin tətbiqinin vəziyyətdən, şəraitdən və prosedurların tətbiq imkanlarından asılı olduğu nəzərə alınmalıdır.
Müxtəlif amillər özünü göstərir, həm sosial-hüquqi təsir imkanları, həm də zorakılığa təkan verən halların müəyyənləşdirilməsi baxımından bir sıra vacib faktorların təyin olunması zəruridir. Biz hansı hallarda məhdudlaşdırmalıyıq və hansı hallarda uşaqların istifadəsinə icazə verilir, ümumiyyətlə mexanizm necə qurulmalıdır – bu məqama xüsusi diqqət edilməlidir.
Ümumiyyətlə, uşaqların istifadə etdikləri saytlarda və şəbəkələrdə xüsusi məhdudiyyət siyahısını əvvəlcədən müəyyən etmək çətindir. Çünki uşaqlar davamlı olaraq maraq dairəsini dəyişirlər. Hər bir uşağın maraq dairəsi yaş dövründən asılı olaraq maksimum 15 dəqiqə və ya yarım saat ərzində çox fəal şəkildə dəyişir.
Hər 15 dəqiqədən sonra onun başqa bir sayta keçməsi, yeni nəsə müəyyən etməsi gözlənilən bir faktordur və təhsil prosesində təcrübəli pedaqoqlar da bu amili həmişə nəzərə alırlar.
Uşaqların müəyyən mənada fəallığını və müxtəlif sahələrdə aktivliyini nəzərə almaqla sosial şəbəkə və platformaların təyinatında müvafiq şərtlərin nəzərə alınması məqsədəuyğundur. Burada bir sıra faktorlar özünü göstərir. Təcrübəli sahələr və media strukturları üçün bunu etmək daha asandır, amma kənar strukturlar və digər faktorlar üçün bunu müəyyən etmək bir qədər çətin olur, çünki onların daxili imkanları məhdudlaşır".
Bundan əlavə, sosioloq qeyd edib ki, qarşılıqlı anlaşmalar və əlaqələndirmə metodları, eləcə də beynəlxalq sosial tədqiqatlar çərçivəsində qlobal sosial şəbəkələrlə bu məsələni müzakirə etmək və müvafiq qanunvericiliyi tətbiq etmək mümkündür:
"Burada televiziya proqramları ilə bağlı, həmçinin filmlər və oyunların davamlı monitorinqinin aparılması məqsədəuyğundur. Amma bunun mexanizmi və hüquqi əsasları ciddi şəkildə işlənməli və müəyyən edilməlidir.
Tətbiq mexanizmi işlək formada olmalı, yalnız qanunvericilik qərarları və ya hüquqi prosedurlarla məsələ bitməməlidir, digər faktorlar da önə çəkilməlidir.
Bu təşəbbüslər, təbii ki, alqışlanır və başa düşülən addımdır. Bu baxımdan uşaqların psixikası və sağlamlıq durumu ilə bağlı davranış meyillərinin əvvəlcədən müəyyən edilməsi, sağlamlaşdırılması istiqamətində görülən prioritet addımlar dəstəklənir. Bu məsələ həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin strategiyası ilə bağlıdır.
Fakt ondan ibarətdir ki, belə hallarda paralel şəkildə işləməliyik. Uşaqların sağlamlığını və düşüncə inkişafını qorumalı, eyni zamanda mənfi təsir göstərə biləcək halları əvvəlcədən müəyyən edərək onların neytrallaşdırılmasına və aradan qaldırılmasına nail olmalıyıq.
Məhdudlaşdırıcı tədbirlər faydalıdır, amma statistika göstərir ki, belə tədbirlərin real təsir gücü ən yaxşı halda 60%-dən çox olmur. Bu isə o deməkdir ki, müəyyən hissə yenə qalır və bəzən bu faiz nisbəti dəyişə bilir. Ona görə də qanunvericilikdə müvafiq dəyişikliklərin olması işin yalnız bir hissəsidir. Dəyişikliklər məqsədəuyğundur, lakin qanunvericiliyin effektiv tətbiqi və səmərəli nəticə verməsi daha vacib prosedurdur".
N. Niftəliyev hesab edir ki, səbəb-nəticə əlaqələrinin tənzimlənməsi baxımından qanunvericiliyin səmərəliliyi və effektivliyi artırılmalıdır.
Fatimə Məmmədova
17:05 09.03.2026
Oxunuş sayı: 165