Evdə doğuş niyə təhlükəlidir? – həkimdən açıqlama
Gəncədə qadının ev şəraitində ölü körpə dünyaya gətirməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Hadisə xüsusilə ucqar və tibbi xidmətə çıxışı məhdud olan ərazilərdə evdə doğuşların yaratdığı riskləri yenidən gündəmə gətirib. Mütəxəssislər qeyd edirlər ki, hamiləlik dövründə tibbi nəzarətin olmaması və doğuşun xəstəxana şəraitində həyata keçirilməməsi həm ana, həm də körpə üçün ciddi təhlükələr yarada bilər.
Maraqlıdır, ucqar bölgələrdə evdə doğuş zamanı bu kimi hallara tez-tez rast gəlinirmi? Ümumiyyətlə, ölü körpə doğulmasına hansı tibbi və sosial səbəblər gətirib çıxara bilər?
Mövzu ilə bağlı tibb elmləri üzrə fəlsəfə doktoru Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:

"Əvvəla ondan başlayaq ki, evdə doğuş keçən əsrin əvvəllərində mövcud olan bir ənənə idi. Yəni hazırda müasir təbabətin inkişaf etdiyi bir dövrdə evdə doğuş ən yaxşı halda cahillik kimi qiymətləndirilə bilər.
Ola bilər ki, bəzi hallarda xəstə doğuş üçün tibb müəssisəsinə vaxtında çatdırıla bilməsin və s. Lakin bu kimi hallar ümumi mənzərəni dəyişmir. Bizim çox sayda pasiyentimiz olur ki, hamilə qalırlar, lakin bu hamiləlik planlaşdırılmış olmur.
Təəssüf ki, bir çox hallarda qadının hansı xəstəliklərinin olduğu, hamiləliyə tab gətirib-gətirməyəcəyi, yanaşı hansı problemlərinin mövcud olduğu barədə əvvəlcədən məlumat olmur.
Eyni zamanda, dölün ana bətnində vəziyyəti, hər hansı qüsurun olub-olmaması, inkişafının necə getdiyi də məlum olmur. Belə hallarda bəlkə də uşaq doğuşa yaxın ana bətnində artıq ölü vəziyyətdə olur, hətta ola bilsin ki, bir neçə gündür ana bətnində ölüdür. Biz bunu dəqiq bilə bilmirik. Sadəcə hadisə barədə müəyyən məlumatlar eşidirik və bəzən həmin məlumatlar təhrif olunmuş şəkildə təqdim olunur. Sonra isə bu məlumatlara əsaslanaraq müxtəlif rəylər irəli sürülür. Halbuki belə olmamalıdır".
Ekspert qeyd edib ki, əgər körpə uşaq ölü doğulubsa, bu halda mütləq araşdırma aparılmalıdır:
"Niyə ölü doğulub, ana bətnində nə vaxt ölüb, yoxsa doğuş prosesi zamanı baş verib? Bütün bu sualların səbəbi və nəticəsi araşdırılmalıdır.
Mən hesab edirəm ki, bu gün evdə doğuş ən azı millətin adına bir biabırçılıqdır və cəmiyyət bunun fərqində olmalıdır. Digər tərəfdən, bəziləri deyə bilər ki, əvvəllər də evdə doğuşlar olurdu. Bəli, olurdu. Amma həmin dövrlərdə ölüm halları da baş verirdi. Sadəcə olaraq onların statistikasını aparan, qeydə alan və ya bu məsələlərlə sistemli şəkildə məşğul olan qurumlar yox idi.
Bundan əlavə, əvvəlki dövrlərdə qadınlar daha sağlam olurdu, daha çox hərəkət edirdilər və onların hamiləliyi də, doğuşu da daha rahat keçirdi. Hamiləliklər daha asan başa gəlirdi və çox vaxt patoloji xarakter daşımırdı. Lakin bu gün vəziyyət fərqlidir.
Müasir dövrdə qadınların sağlamlıq vəziyyəti əvvəlki kimi deyil. Hamiləlik çox vaxt patoloji keçə bilir: dölyanı suyun bulanması, müxtəlif patoloji hallar, yanaşı xəstəliklər, komorbid vəziyyətlər və s. kimi problemlər müşahidə olunur.
Bütün bunlar göstərir ki, hamiləlik planlaşdırılmış olmalı, mütləq tibbi nəzarət altında aparılmalı və doğuş prosesi xəstəxana şəraitində həyata keçirilməlidir".
Ayhan
12:57 07.03.2026
Oxunuş sayı: 61