Diqqət, təhlükə var!- Elektrik cərəyanlarından necə qorunmalı?
Son günlər elektrik cərəyanı ilə bağlı baş verən ölüm hadisələri cəmiyyətdə ciddi narahatlıq yaradıb. Həyatını itirənlərin sayı təhlükəsizlik tədbirlərinin yetərsiz olduğunu bir daha göstərir və ictimaiyyətin diqqətini elektrik xətlərinin vəziyyəti, qoruyucu sistemlərin işləkliyi və işçilərin təhlükəsizliyi məsələlərinə yönəldir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev bildirib ki, elektrik təhlükəsizlik sahəsində qəza hallarının baş verməsində əsas amillər səhlənkarlıq, təhlükəsizlik qaydalarının pozulması və infrastrukturun yetərli səviyyədə olmamasıdır: "Bu, xüsusilə elektrik xətlərinin yaxınlığında təhlükəsiz məsafənin gözlənilməməsi, özbaşına təmir və müdaxilə halları ilə bağlıdır. Bu cür hallara həmçinin müvafiq mühafizə və qoruyucu vasitələrin olmaması, eləcə də qeyri-peşəkarlıq da daxildir".
Ekspert digər amil kimi təhlükəsizlik qaydalarının pozulmasını qeyd edir: "Buraya elektrik xətlərinin lazımi qaydada qorunmaması, torpaqlama sistemlərinin və qoruyucu avtomat açarlarının olmaması, elektrik qurğularının açıq vəziyyətdə saxlanılması və onların mütəmadi texniki baxışdan keçirilməməsi daxildir".
Onun sözlərinə görə risk amillərindən biri də infrastrukturun və texniki vəziyyətin yetərli səviyyədə olmamasıdır: "Köhnəlmiş və izolyasiyası zəifləyən elektrik xətləri, açıq qalan və normativlərə uyğun qorunmayan transformator məntəqələri təhlükə yaradır. Həmçinin yerüstü elektrik xətlərinin yaşayış sahələrinə normadan artıq yaxın məsafədən keçməsi, texniki baxış və profilaktik tədbirlərin vaxtında aparılmaması da riskləri artırır".
Məsuliyyət məsələsinə toxunan ekspert vurğulayıb ki, enerji təchizatı qurumları şəbəkənin texniki vəziyyətinə görə cavabdehlik daşıyır: "Bu qurumlar qoruyucu sistemlərin işlək vəziyyətdə olmasını təmin etməli və planlı texniki baxışların keçirilməsinə nəzarət etməlidirlər".
Mütəxəssis həmçinin işəgötürən və təşkilatların üzərinə düşən öhdəliklərə də diqqət çəkərək bildirib ki, işəgötürənlərin vəzifəsi əmək mühafizəsi mühəndisləri vasitəsilə risklərin qiymətləndirilməsini aparmaq, işçilərin təlimini təşkil etmək və təhlükəsizlik tədbirlərini sistemli şəkildə həyata keçirməkdir. Bu proseslər isə davamlı və mütəmadi şəkildə həyata keçirilməlidir.
Nigar Yahyazadə
14:35 06.03.2026
Oxunuş sayı: 614