Tələbələrə qarşı rəqəmsal terror: Süni intellekt alçaqlığın alətinə çevrilib
Son həftələrdə Bakı Dövlət Universitetinin hüquq, son günlərdə isə jurnalistika və biologiya fakültələrinin tələbələri ilə bağlı yayılan şantaj qalmaqalı cəmiyyətdə ciddi narahatlıq yaradıb.
Əvvəlcə məsələ yalnız hüquq fakültəsinin tələbələrinə aid olduğu deyilirdi. Daha sonra kibercinayətkarın saxlanıldığı xəbəri yayıldı və hamı düşündü ki, problem bununla bitdi. Lakin hadisələrin gedişi göstərdi ki, məsələ hələ də davam edir.
Sosial şəbəkələrdə “Fəxriyə Azadlıq” adı ilə yeni hesablar açılır, tələbələrin şəkilləri toplanır və süni intellekt vasitəsilə montaj edilərək onların adına saxta, təhqiramiz görüntülər hazırlanır.
Artıq bu çirkin hücum təkcə hüquq fakültəsi ilə məhdudlaşmır, biologiya və jurnalistika fakültəsinin tələbələri də bu şantajın hədəfinə çevrilib.
Ən ağrılı məqam isə texnologiyanın hansı məqsədlə istifadə edilməsidir. Dünyada süni intellekt elmi inkişaf etdirir, tibbi araşdırmaları sürətləndirir, iqtisadiyyata təkan verir.
İnkişaf etmiş ölkələr bu texnologiya ilə gələcəyi qurmağa çalışır. Bizdə isə bəziləri eyni texnologiyanı gəncləri alçaltmaq, onları şantaj etmək və psixoloji təzyiq altında saxlamaq üçün istifadə edir.
Gördüyünüz kimi, belə hadisələr insanı acı bir sualla üz-üzə qoyur: biz həqiqətən irəli gedirik, yoxsa geriyə?
Dünyanın bir çox ölkəsində süni intellekt inkişafın mühərrikinə çevrilib. Onlarda da süni intellekt var... Onlar da yararlanır. Amma bu şəkildə yox.
Orada insanlar bu texnologiya ilə yeni layihələr qurur, elmə töhfə verir, cəmiyyətə fayda gətirirlər. Bizdə isə bəzi şəxslər süni intellekti alçaq məqsədlər üçün alətə çevirir.
Bir insanın şəklini götürüb montaj etmək, onu şantaj vasitəsinə çevirmək nə texnologiyadır, nə də inkişaf. Bu, sadəcə mənəvi səviyyənin nə qədər aşağı düşdüyünü göstərən bir mənzərədir.
Ən pis tərəfi isə budur ki, bunu edənlər yad ölkələrin insanları deyil. Eyni cəmiyyətdə yaşadığımız, eyni dili danışdığımız şəxslərdir. Bir ailə sandığımız cəmiyyətin içində kimsə öz gənclərini bu şəkildə hədəfə alırsa, bu artıq təkcə kibercinayət deyil, həm də mənəvi böhrandır.
Süni intellekt günahkar deyil. Günah onu necə istifadə edən insanlardadır. Texnologiya inkişaf üçün yaradılır, amma vicdansız insanların əlində o, şantaj və təhqir silahına çevrilir.
Əgər belə hallara qarşı ciddi reaksiya verilməzsə, sabah hər kəs bu cür hücumların qurbanına çevrilə bilər.
Texnologiyanın inkişafı ilə fəxr etmək istəyiriksə, əvvəlcə onu alçaqlıq alətinə çevirən zehniyyətlə mübarizə aparmağı bacarmalıyıq. Çünki inkişaf yalnız texnologiya ilə deyil, onu istifadə edən insanların mənəviyyatı ilə ölçülür.
Məsələ ilə bağlı zərərçəkən Dilşad Məmmədəliyeva Crossmedia.az-a danışıb:
"Mən də bu mövzu ilə bağlı danışıb paylaşmaq istəyirdim. Lakin kibercinayətkarın saxlanıldığı xəbəri yayılandan sonra düşündüm ki, məsələ artıq həllini tapıb və buna görə paylaşım etmədim. Ancaq sonradan tələbələrin yenidən şantaj olunduğunu gördükdə mövzuya laqeyd qala bilmədim və şəxsi hesabımda bu barədə fikirlərimi paylaşdım.
Hiss edirdim ki, onlar belə bir şey edəcəklər. Hazırda bu işi davam edənlər isə özü kimi olan dostlarıdır. Səhifələri spam etsək də müxtəlif adlarda nə qədər hesablar açırlar. Bu həqiqətən də psixoloji təzyiqdir. Kibercinayətkarlığın qurbanı olanların yanında olub onları müdafiə edərkən öz başımda çatladı məsələ.."
Fatimə Məmmədova
11:38 06.03.2026
Oxunuş sayı: 500