Düzgün oruc tutmaq immuniteti zəiflətmir, gücləndirir - professor
Ramazan ayı müsəlman dünyasında mənəvi təmizlənmə, səbir və nəfsə nəzarət ayı kimi xüsusi əhəmiyyət daşıyır.
Bu ayda tutulan oruc yalnız dini ibadət olmaqla kifayətlənmir, eyni zamanda insanın həyat tərzinə, gündəlik qidalanma rejiminə və ümumi sağlamlıq vəziyyətinə də təsir göstərir.
Gün ərzində qida və sudan uzaq qalmaq orqanizmdə müəyyən fizioloji dəyişikliklər yaradır və bu proses tez-tez sağlamlıq baxımından da müzakirə olunur.
Bəs orucluğun insan orqanizminə, xüsusilə də immun sisteminə təsiri necədir? Orucluq zamanı immunitetin zəifləməməsi üçün nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, orucluq zamanı insanın öz nəfsinə nəzarət etməsi immun sisteminin mobilizasiyasına, yəni daxildən güclənməsinə səbəb olur.

"Təəssüflər olsun ki, biz bəzən orucun mahiyyətinə tam varmırıq. Çox adam düşünür ki, oruc sadəcə pəhrizdir – günün müəyyən saatlarında ac qalmaq və iftardan sonra həddindən artıq qida qəbul etmək. Halbuki bu belə deyil", – deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, orucluq zamanı qida qəbulu azaldılmalı və qidalanma mümkün qədər vitamin və minerallarla zəngin, sağlam qidalardan ibarət olmalıdır. Eyni zamanda qidanın miqdarı da normadan artıq olmamalıdır:
"Orucluq yalnız qidalanma ilə bağlı deyil, həm də nəfsə nəzarət deməkdir. İstər özünüqoruma, istər qidalanma, istərsə də şəhvət instinkti – insan orucluq zamanı bunların hamısına nəzarət etməlidir. Məhz bu ruhsal vəziyyət immun sisteminin mobilizə olunmasına səbəb olur. Ona görə də, mən düşünmürəm ki, oruc zamanı immunitet zəifləyir. Əgər oruc düzgün başa düşülərsə və onun qaydalarına əməl olunarsa, burada heç bir problem yaranmaz".
Ekspert həmçinin bildirib ki, bəzən orucluq daha çox şəriət çərçivəsində təqdim olunur və insanlara bu barədə kifayət qədər aydın izah verilmir. Onun fikrincə, əsas istinad mənbəyi Quran olmalıdır:
"Əgər biz İslam dininə riayət ediriksə, bütün məsələlərdə əsas mənbə Quran olmalıdır. Ayrı-ayrı ölkələrdə və müxtəlif təriqətlərdə şəriət qaydaları zamanla müəyyən qədər deformasiyaya uğrayıb və bu da müəyyən fikir ayrılıqlarına səbəb olub.
Hesab edirəm ki, alimlər bu sahədə dini ayinlərin ümumiləşdirilmiş, müəyyən standart prosedurunu hazırlamalıdırlar ki, insanlar bu qaydaları dəqiq şəkildə bilsin və onlara düzgün əməl edə bilsinlər".
Nigar Yahyazadə
15:04 05.03.2026
Oxunuş sayı: 661