Sosial mediada özünü yazıq göstərib pul istəmək şəxsiyyətsizlikdir
Son vaxtlar dilənçilik küçələrdən sosial şəbəkələrə köçüb və artıq açıq şəkildə nümayiş etdirilən bir tendensiyaya çevrilib. Əgər əvvəllər insanlar küçədə ehtiyac içində olanlara rast gəlib yardım edirdilərsə, indi bəzi şəxslər TikTok platformasında canlı yayımlar açaraq izləyicilərdən pul tələb edir.
Hətta “hərə bir manat göndərsə, burnumu estetik əməliyyat etdirərəm” deyərək, kart nömrəsini paylaşan və bunu utanmadan edənlər də var. Sosial şəbəkələrdə bu cür açıq dilənçilik isə cəmiyyətin ciddi narazılığına səbəb olub və bir çoxları bunu sosial platformaların biabırçı şəkildə sui-istifadəsi kimi qiymətləndirir.
Media eksperti Azər Həsrət Crossmedia.az-a bu barədə münasibətini bildirib:

"İnsan gərək öz ləyaqətini, mənliyini qorumağı bacarsın. Əlbəttə, kiminsə nəyəsə ehtiyacı ola bilər, hətta bunun üçün pul istəyə və ya yardım tələb edə bilər. Bunlar normal, insanlıq halıdır. Amma heç dəxli olmayan məsələlərlə bağlı dilənçilik etmək şəxsiyyətsizlikdir".
Ekspert vurğulayıb ki, əvvəllər insanlar öz şəxsi problemlərini cəmiyyətə açıqlamaqdan çəkinərdilər, ayıb sanardılar, xəstəliklərini, hansısa ehtiyaclarını gizlədərdilər ki, bu, başqalarına ayıbdır:
"Amma indi nə görürük? Görürük ki, biri soyuqda xəstələnir, o saat şəklini çəkib paylaşır ki, “millət, ölürəm, xəstəyəm, kömək edin”.
Xüsusən kişilərdə bunu görəndə sadəcə donub qalıram; insan özünü niyə belə dünyaya faş etməlidir?
Xəstələnməyibsə də, bütün dünyanın bunu bilməsi lazım deyil. Heç vaxt hansısa narahatlığımı paylaşmamışam. Hətta əməliyyat olmuşam, bu haqda paylaşmamışam; əməliyyatdan çıxandan sonra, məsələ artıq arxada qalanda, dostlar üçün paylaşmışam ki, mənim görünməməyimin səbəbi budur. Özünü yazıq vəziyyətdə göstərib dilənçilik etmək insanın özünü alçaltmasıdır.
Hələ burnuma əməliyyat edəcəm deyib pul toplamağa çalışmaq kimi yanaşmaları heç cür qəbul edə bilmirəm. Sosial media onun üçün qurulmayıb ki, kimlərsə orada dilənçilik etsin. Sosial medianın təyinatı başqadır. Amma insanlar onu öz məqsədlərinə uyğun istifadə edirlər və bu, sosial medianı gözdən salır".
Fatimə Məmmədova
10:58 06.03.2026
Oxunuş sayı: 494