Transxəzər Yaşıl Enerji Dəhlizində TİƏ yanaşmaları Bakıda razılaşdırıldı
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətlərinin iştirakı ilə Bakıda "Transxəzər yaşıl enerji dəhlizi" layihəsinin birinci fazasının texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasına həsr olunmuş ilkin seminar təşkil edib.
Crossmedia.az ADB-yə istinadən xəbər verir ki, bu seminar Xəzər hövzəsində regional enerji təchizatı sisteminin formalaşdırılmasına yönəlmiş TİƏ-nin birinci mərhələsinin hazırlanmasında mühüm mərhələ olub.
Tədbir "dəyirmi masa" və ekspert potensialının gücləndirilməsi üzrə sessiyalar formatında keçirilib. Tədbirdə dövlət orqanlarının yüksək vəzifəli nümayəndələri, ötürücü elektrik şəbəkəsi operatorları, energetika və telekommunikasiya sahələrinin tənzimləyiciləri, inkişaf üzrə tərəfdaşlar və texniki profilli mütəxəssislər iştirak ediblər.
İştirakçılar işlərin ilkin mərhələdəki hazırkı vəziyyətini nəzərdən keçiriblər, ilkin nəticələri müzakirə ediblər və TİƏ-nin sonrakı hazırlığı üçün vahid analitik yanaşmalar işləyib hazırlayıblar. "Transxəzər Yaşıl Enerji Dəhlizi" layihəsi, Xəzər regionunda bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin mübadiləsinə töhfə vermək və Avropa enerji bazarlarına inteqrasiyaya yol açmaq məqsədi daşıyan regionlararası elektrik şəbəkələrinin birləşdirilməsi sisteminin formalaşdırılmasına yönəlib.
TİƏ 2025-ci ilin aprelində imzalanmış Anlaşma Memorandumuna əsaslanır, onun hazırlığına isə rəsmi olaraq 2026-cı ilin fevralında start verilib. Seminarda maraqlı tərəflər tələbatın modelləşdirilməsi, generasiya güclərinin planlaşdırılması, bərpa olunan enerji resurslarının tətbiqi ssenariləri, şəbəkə infrastrukturunun tədqiqi və sistemlərarası birləşmə variantları, o cümlədən sualtı kabel xətləri layihələri kimi istiqamətlərdə öz bacarıqlarını artırıblar.
Müzakirələr həmçinin telekommunikasiya komponentini və sistemlərin istismarı məsələlərini, normativ-hüquqi tənzimləməni və layihənin icrası üçün təklif olunan plan-qrafiki əhatə edib. Seminarın yekununda tərəflər ilkin məlumatlara dair tələbləri, müddəti və birinci mərhələnin TİƏ hesabatının hazırlanması üzrə sonrakı addımları razılaşdırıblar, həmçinin tədqiqatın ikinci mərhələsinə hazırlıq məsələlərini müəyyən ediblər.
ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və layihənin məsləhətçi qrupu ilə əməkdaşlıq çərçivəsində texniki-iqtisadi əsaslandırmanın (TİƏ) aparılmasına kömək edir. İş, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının dövlətlərarası qarşılıqlı fəaliyyətin və dayanıqlı enerjinin inkişafına yönəlmiş genişmiqyaslı səyləri kontekstində həyata keçirilir. Günəş enerjisi istehsalı sahəsində mühüm potensiala malik olan Azərbaycan, Qazaxıstan və Özbəkistanın birgə səyləri ilə formalaşdırılan "Mərkəzi Asiya – Azərbaycan" enerji dəhlizi gələcəkdə Xəzər-Qara dəniz marşrutu ilə əlaqələndirilə bilər və bu, iki dəniz vasitəsilə Mərkəzi Asiyanın geniş ərazilərinin Avropa ilə əlaqəsini yarada bilər.
Azərbaycan, Qazaxıstan və Özbəkistan 2025-ci il aprelin 4-də ADB və AİİB-in dəstəyi ilə "Transxəzər Yaşıl Enerji Dəhlizi" təşəbbüsünün birinci mərhələsinin işə salınması barədə razılığa gəliblər. Tərəflər üç dövlətin enerji sistemlərinin birləşdirilməsini və bərpa olunan enerjinin Avropaya nəqli marşrutunun təşkilini nəzərdə tutan layihənin TİƏ-nin birgə hazırlanması haqqında saziş imzalayıblar.
23:52 04.03.2026
Oxunuş sayı: 548